Ceyhun Bayramov BƏƏ-nin yeni səfiri ilə görüşüb

Ceyhun Bayramov BƏƏ-nin yeni səfiri ilə görüşüb Aprelin 15-də xarici işlər naziri Ceyhun Bayramov Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Azərbaycana yeni təyin olunmuş səfiri Məhəmməd Əl Bluşini qəbul edib.
Xarici siyasət
15 Aprel , 2022 18:32
Ceyhun Bayramov BƏƏ-nin yeni səfiri ilə görüşüb

Aprelin 15-də xarici işlər naziri Ceyhun Bayramov Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Azərbaycana yeni təyin olunmuş səfiri Məhəmməd Əl Bluşini qəbul edib.

XİN-dən "Report"a verilən məlumata görə, səfir etimadnaməsinin surətini Ceyhun Bayramova təqdim edib.

C.Bayramov səfiri təyinatı münasibətilə təbrik edib, ona fəaliyyətində uğurlar arzulayıb.

Nazir Azərbaycan ilə Birləşmiş Ərəb Əmirlikləri arasında birgə tarixi, mədəni, dini bağlara əsaslanan və möhkəm təməl üzərində qurulan əlaqələrin son 30 il ərzində əhəmiyyətli inkişaf yolunu keçdiyini məmnunluqla qeyd edib. İki dövlət arasında yüksək səviyyədə siyasi dialoqun mövcud olduğu, həm ikitərəfli, həm də çoxtərəfli müstəvilərdə qarşılıqlı faydalı əməkdaşlığın həyata keçirildiyi ifadə edilib.

Məhəmməd Əl Bluşi BƏƏ-nin xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Şeyx Abdullah Bin Zayed Əl Nəhyanın salamlarını çatdırıb. O, Azərbaycanda diplomatik fəaliyyəti müddətində iki ölkə arasında münasibətlərin daha da inkişafı üçün səylərini əsirgəməyəcəyini ifadə edib.

Tərəflər ikitərəfli əlaqələrin bir sıra sahələrdə, o cümlədən alternativ enerji, kənd təsərrüfatı, ərzaq təhlükəsizliyi, turizm, mədən sənayesi, azad iqtisadi zonalar və digər istiqamətlərdə inkişaf perspektivləri üzrə fikir mübadiləsi aparıblar.

C.Bayramov səfirə bölgədə mövcud olan münaqişə sonrası vəziyyət, azad olunmuş ərazilərdə həyata keçirilən bərpa və yenidənqurma işləri, habelə iki ölkə arasında normallaşma prosesi və bölgənin gələcək sülh və əmin-amanlıq şəraitində inkişafına dair Azərbaycanın baxışları barədə məlumat verib.

Məhəmməd Əl Bluşinin fəaliyyətinin Azərbaycan və BƏƏ arasında əlaqələrin daha da dərinləşməsinə xidmət edəcəyinə dair inam ifadə edilib və öz növbəsində, Azərbaycan tərəfinin bütün lazımı dəstəyi göstərməyə hazır olduğu vurğulanıb.

Son xəbərlər

Orphus sistemi