Yuxarı

Çeçelaşvili: "Azad iqtisadi zona GUAM-ın ən perspektivli layihələrdən biridir"

GUAM ölkələri arasında ticarət həcmi 3,5 milyard ABŞ dolları təşkil edir

Bakı. 21 dekabr. REPORT.AZ/ "Azad iqtisadi zona GUAM-ın ən perspektivli layihələrdən biridir". Bunu "Report"a açıqlamasında GUAM-ın baş katibi Valeri Çeçelaşvili deyib.

"GUAM fəaliyyətə başlayanda bu, bir otaqda fəaliyyət göstərən təşkilat idi. Sonra strukturun və katibliyin təşkilati-funksional formalaşması baş verdi, azad ticarət zonası işə düşdü, mütəşəkkil cinayətkarlıqla mübarizə şöbəsi yaradıldı, kriptoqrafik müdafiə sistemi tətbiq edildi, nazirlər GUAM nəqliyyat-tranzit dəhlizini təsdiq etdi. Hazırda bizim dörd işçi orqanımız və səkkiz işçi qrupumuz var. Onların hər biri də əməkdaşlıq sahəsində münasibətlərin genişləndirilməsi üzrə planlara və strategiyalara malikdir", - V. Çeçelaşvili bildirib.

GUAM ölkələrinin iqtisadi əlaqələrindən danışan baş katib qeyd edib ki, GUAM ölkələri arasında maksimum ticarət həcmi 4,5 milyard ABŞ dolları olub. İndi isə bu rəqəm 3,5 milyard dollara bərabərdir. GUAM başçısının sözlərinə görə, Ukraynadakı müharibə, beynəlxalq əlaqələrdəki, həmçinin də iqtisadi əlaqələrdə böhran səbəbindən üzv ölkələr arasında ticarət dövriyyəsinin səviyyəsi aşağı düşüb.

V.Çeçelaşvili azad iqtisadi zonanın ən perspektivli layihələrdən biri olduğunu vurğulayıb: "Bunun üçün bizdə ticarət və iqtisadiyyat üzrə orqan - işçi qrupu da var. Nəqliyyat və ticarətin inkişafına çalışan ayrıca komitə də var. Elə bu komitənin Tbilisidəki iclasından yenicə qayıtmışam. Orada vacib qərarlar qəbul olundu".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi