Şamaxı Astrofizika Rəsədxanasında təşkil olunan “Canlı kainat - planetlərdən qalaktikalara” adlı II beynəlxalq konfrans öz işini davam etdirir.
“Report”un Yuxarı Şirvan bürosunun məlumatına görə, Elm və Təhsil Nazirliyi Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının 65 illik yubileyinə həsr olunan “Canlı Kainat - Planetlərdən Qalaktikalara” adlı II beynəlxalq konfrans davam edir.
Dörd gün davam edəcək konfransın ilk iki günü Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasında baş tutub. Xarici ölkələrdən olan qonaqların və müvafiq qurumların rəsmilərinin, eləcə də media nümayəndələrinin iştirak etdiyi açılış mərasimindən sonra keçirilən elmi sessiyalarda həm Azərbaycanın, həm də dünyanın müxtəlif nüfuzlu elmi mərkəzlərinin astronom alimləri tərəfindən aktual məruzələr təqdim edilib. Mühüm mövzuları əhatə edən məruzələr ətrafında fikir mübadiləsi aparılıb, suallar cavablandırılıb.
N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası və Polşanın Azərbaycandakı səfirliyinin birgə təşkilatçılığı ilə Günəş sisteminin heliosentrik modelinin müəllifi kimi adı astronomiya elmi tarixinə qızıl hərflərlə yazılmış dahi alim Nikolay Kopernikin anadan olmasının 550 illiyi münasibətilə sentyabrın 25-də başlayan silsilə tədbirlər bir gün davam edəcək.
Konfransda alimin elmi fəaliyyətini əks etdirən sərgi təşkil olunub. Hibrid formatda təşkil olunmuş konfransın son günündə ABŞ, Almaniya, Türkiyə, İsrail, İtaliya, Rusiya, Polşa, Özbəkistan, Qazaxıstan, Çexiya və digər ölkələrdən konfransa qatılan alim və mütəxəssislərin məruzələri təqdim olunacaq.
Bildirilib ki, N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının 65 illik yubileyinə həsr olunan “Canlı Kainat - Planetlərdən Qalaktikalara” adlı II beynəlxalq konfrans çərçivəsində astronomiya elminə dair müxtəlif mövzularda 54 elmi məruzə dinlənilib. Təqdim olunan elmi məruzələrin toplusunu ehtiva edən konfransın yekun nəticələrinin ilin sonunadək ingilis dilində nəşr olunan "Azərbaycan Astronomiya Jurnalı"nda dərc edilməsi planlaşdırılır. NASA ADS verilənlər bazasında qərarlaşan bu jurnalda dərc olunmuş məqalələr DOI indeksi ilə təmin olunur.
Qeyd edək ki, dünyanın aparıcı elmi müəssisələrinin alim və mütəxəssislərinin bir araya gəldiyi bu beynəlxalq konfrans müasir astrofizika elminə dair bilik və təcrübə mübadiləsinin aparılması, birgə layihələrin həyata keçirilməsi üçün əməkdaşlıq əlaqələrinin genişləndirilməsi, həmçinin perspektivlərin müəyyənləşməsi baxımından böyük əhəmiyyətə malikdir.
Konfrans sentyabrın 26-da başa çatacaq.