Yuxarı

Brüsseldə yenilənmiş Avropa Qonşuluq Siyasətinin təqdimatı keçirilib

Sənəddə proqram üzvləri ilə gələcək əməkdaşlıq üçün prioritetlər müəyyən olunub

Bakı. 18 noyabr. REPORT.AZ/ Brüsseldə Avropa Parlamentinin yenilənmiş Avropa Qonşuluq Siyasətinin (AQS) təqdimatı keçirilib. "Report" xəbər verir ki, bu gün dərc olunan sənəddə Avropa İttifaqının təhlükəsizlik sahəsində tərəfdaşlarla əməkdaşlığı gücləndirməli olduğu vurğulanır.

Qeyd olunur ki, qanunun aliliyi və müstəqil və səmərəli ədliyyə sisteminin təmin olunması Aİ üçün prioritet olaraq qalır.

Sənəddə proqram üzvləri ilə gələcək əməkdaşlıq üçün prioritetlər müəyyən olunub. Əməkdaşlıq üçün təklif edilən prioritetlər bunlar olub: iqtisadi və sosial inkişaf; ölkələrin iqtisadi modernizasiyası və biznes mühitinin inkişafı, regionun enerji təhlükəsizliyi.

Təhlükəsizlik sahəsində yeniləmiş AQS terrorizm və radikalizmin qarşısının alınması, transsərhəd cinayətkarlıq və korrupsiyanın azaldılması, kibercinayətkarlığa qarşı mübarizəyə köklənəcək.

Miqrasiya sahəsində əməkdaşlığın aktivləşdirilməsi planlaşdırılır.

Xatırladaq ki, AQS-nin gələcəyi üzrə məsləhətləşmələr bu ilin yazından başlayıb. O vaxt Avropa Komissiyasının prezidenti Jan-Klod Yunker yeni Komissiyanın mandatının birinci ili ərzində Avropa Qonşuluq Siyasətinin yenidən nəzərdən keçiriləcəyini bildirmişdi. AQS sonuncu dəfə 2011-ci ildə dəyişikliklərə məruz qalıb.

Qeyd edək ki, Avropa Qonşuluq Siyasəti proqramına 16 ölkə, o cümlədən Cənubi Qafqaz ölkələri - Azərbaycan, Gürcüstan və Ermənistan daxildir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi