Yuxarı

Britaniya parlamentində "Müharibə cinayətinin Xocalı şahidi: Ermənistan müttəhim kürsüsündə" kitabının təqdimatı olub

Kitab rus və türk dillərində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın ön sözü ilə nəşr edilib

Bakı. 3 iyul. REPORT.AZ/ Böyük Britaniya parlamentinin Lordlar Palatasında Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) təşkilatçılığı ilə "Xocalıya ədalət!" kampaniyası çərçivəsində "Müharibə cinayətinin Xocalı şahidi: Ermənistan müttəhim kürsüsündə" ("Khojaly Witness of a war crime – Armenia in the Dock") kitabının təqdimat mərasimi keçirilib. TEAS-dan "Report"a verilən xəbərə görə, tədbirdə Lord Kilkluni, Lord Addinqton və parlamentin İcmalar Palatasının üzvü Bob Blekmen iştirak edib.

Kitab təqdimatı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ən dəhşətli faciəsi – 1992-ci ildə törədilmiş Xocalı qırğınının qurbanlarının əziz xatirəsinə həsr olunub. 

Kitabın tərtibçi həmredaktoru İan Peart çıxışında bildirib ki, kitab Xocalı faciəsi haqqında Qərbdə ingilis dilində nəşr edilən ilk müstəqil nəşrdir. 2014-cü ilin Londonun "ITHACA PRESS" nəşriyyatında ilk dəfə işıq üzü görən sözügedən kitabda Xocalı hadisələrinin şahidlərinin müsahibələri, faciə barədə beynəlxalq dövri mətbuatın materialları, xarici tədqiqatçıların mövqeyi, beynəlxalq təşkilatların hesabatları və xarici fotoqraflar tərəfindən çəkilmiş nadir fotolarla tanış olmaq mümkündür.

İ.Peart qeyd edib ki, kitabın nəşri "Xocalıya ədalət!" kampaniyasının missiyasının həyata keçirilməsi işinə beynəlxalq dəstək olub. Kampaniya çərçivəsində kitab rus və türk dillərində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın ön sözü ilə nəşr edilib. "Ön söz"də kitabın türk və rus dillərinə tərcüməsi yüksək qiymətləndirilir və onun oxucularının "Xocalıya ədalət!" kampaniyasına hərtərəfli dəstək verəcəyinə ümid ifadə olunur. Bu ilin fevral ayında "Xocalıya ədalət!" kampaniyası çərçivəsində kitabın Dublin, Bern, Berlin, Ankara, İstanbul və Lüksemburq şəhərlərində təqdimat mərasimləri keçirilib.

Natiq sonda vurğulayıb ki, Xocalı soyqırımına dair materialları dərindən bilən əcnəbi mütəxəssislərin iştirakı ilə tərtib olunanan kitab kompozisiyasına və əhatə etdiyi təkzibedilməz sənəd və materiallara görə sözün əsil mənasında unikal bir nəşrdir.

Böyük Britaniya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun katibi, millət vəkili B.Blekmen öz çıxışında BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağa dair qəbul etdiyi dörd qətnaməyə haqqında söz açıb. Millət vəkilinin sözlərinə görə, BMT Ermənistan-Azərbaycan münaqişəsinin həlli məsələsində qətiyyətsizlik nümayiş etdirir. Halbuki bunun kimi başqa hallarda, məsələn, Livanda dərhal tədbir görüldü. O vurğulayıb ki, Ermənistanın etnik təmizləmə siyasəti nəticəsində 1 milyondan çox azərbaycanlının qaçqın və məcburi köçkün vəziyyətində yaşaması və Azərbaycan ərazilərinin işğal altında olması qəbulolunmazdır. BMT bu məsələnin həllində tədbir görə bilmədiyi üçün və Xocalı faciəsi günahkarlarını ədalət qarşısında məsuliyyətə cəlb etmədiyi üçün məsuliyyət daşıyır.

Azərbaycanın Böyük Britaniyadakı səfiri Tahir Tağızadə qeyd edib ki, Azərbaycanın işğal olunmuş ərazilərində baş verənlərə görə mənəvi, hərbi və hüquqi məsuliyyət daşıyan insanlar var. Onlar məsuliyyətə cəlb olunmadıqca gələcəkdə eyni halların təkrarlanmayacağına dair təminatımız yoxdur. Diplomat Xocalıda baş verənlərı son illər Azərbaycan xalqının üzləşdiyi faciəvi hadisələrin uzun siyahısında miqyasına görə ən dəhşətli qırğın kimi dəyərləndirdirib.

Kitabın digər həmredaktorlarından biri, ötən il vaxtsız vəfat etmiş Fiona Maklakhlan adından mərhumənin həyat yoldaşı Alastair Maklakhlan çıxış edib: "Fiona Azərbaycanı və azərbaycanlıları çox sevirdi. Fiona Xocalı şahidlərindən müsahibə götürüb evə qayıdandan sonra deyirdi ki, bu insanlarla tanış olduğı üçün böyük şərəf duyur və onların dərdinə şərik çıxır. O, bu insanların başlarına gələndən sonra yenə də bu qədər çox əliaçıq və istiqanlı olmasından təsirlənmişdi. Fiona onların ədalət görmək arzusunu və nə vaxtsa bir gün yurdlarına qayıdacaqları inamını bölüşürdü. Fiona həqiqətən ümid edirdi ki, bu kitab dəhşətli işgəncələrə məruz qalmış insanların həyatını dəyişdirəcək və bu kitabı oxuyan insanlara təsirsiz ötüşməyəcək".

Böyük Britaniyanın LINKS (Dövlət Quruculuğu və Münaqişələrin Həlli üzrə London İnformasiya Şəbəkəsi) təşkilatının icraçı direktoru Denis Sammut da çıxış edənlər arasında idi. O, uzun illərdir ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı araşdırmalar aparır və tərəflər arasında anlaşma üçün yollar axtarır. D.Sammutun sözlərinə görə, Qafqazda başqa bir Xocalının baş verməsinin qarşısının alınması bizim əsas vəzifəmiz olmalıdır. Bizim Xocalı və Qafqazda baş vermiş bu kimi faciələrdə həlak olmuş insanları xatırlamağa ehtiyacımız var. Bunun üçün də bu kitab əhəmiyyətli bir töhfədir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi