Yuxarı

​BQXK Qazaxda saxlanılan Ermənistan vətəndaşı ilə bağlı Azərbaycanla dialoq aparacaq

Rəsmi Bakı sərhədi pozan erməni qadınla bağlı BQXK-nı məlumatlandırıb

Bakı. 9 noyabr. REPORT.AZ/ Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK) Ermənistan vətəndaşının noyabrın 8-də Azərbaycanın dövlət sərhədlərini pozması faktı ilə bağlı tərəflərin rəsmi bildirişini alıb.

"Report" xəbər verir ki, bu barədə "news.am"a BQXK-nın İrəvan nümayəndəliyinin kommunikasiya üzrə proqram rəhbəri Zara Amatuni məlumat verib.

O qeyd edib ki, BQXK-nın Bakı nümayəndəliyinin əməkdaşları mandata uyğun olaraq Ermənistan vətəndaşının təcili surətdə ziyarət edilməsi üçün Azərbaycan hakimiyyəti ilə dialoq aparacaq.

Bu gün Azərbaycanın Müdafiə Nazirliyi Ermənistanın Noyemberyan rayonunun Şavarşavan kənd sakini, ilkin ehtimala görə 1942-ci il təvəllüdlü Lusine Qukasovna Abovyanın noyabrın 8-də Azərbaycan-Ermənistan dövlət sərhədini Qazax rayonu istiqamətində pozması və müdafiənin ön xəttində yerləşən Azərbaycan Silahlı Qüvvələrinin bölmələri tərəfindən saxlanılması barədə məlumat yayıb.

Nazirlikdən bildirilib ki, saxlanılan Ermənistan vətəndaşına qarşı beynəlxalq hüquq normaları tərəfindən təsbit edilmiş qaydalar çərçivəsində davranılır. Həmçinin qeyd olunub ki, qısa müddətdə, müvafiq prosedurlar həyata keçirilməklə o, qarşı tərəfə təhvil veriləcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi