Yuxarı

Bolonyada azərbaycanlıların İtaliya müqavimət hərəkatında iştirakı xatırlanıb

“Cina və Nuru” sənədli filminin təqdimatı olub

Bakı. 13 dekabr. REPORT.AZ/ İtaliyanın Emiliya-Romanya vilayətinin paytaxtı Bolonya şəhərində tanınmış yazıçı, ikinci Dünya müharibəsi zamanı İtaliya müqavimət hərəkatının iştirakçısı olan azərbaycanlı partizan Nuru Əliyevin həyat yoldaşı Cina Neqrininin xatirəsinə həsr edilmiş tədbir keçirilib.

Şəhər bələdiyyəsinin iqamətgahında təşkil olunmuş tədbirdə Azərbaycanın İtaliyadakı səfiri Vaqif Sadıqov, “Qafqazdan Apenninədək. Azərbaycanlılar İtaliyanın müqavimət hərəkatında” kitabının müəllifi, professor Mixail Talalay, Bolonya Şəhər Bələdiyyəsi Şurasının prezidenti xanım Simona Lembi, Cina Neqrininin ailə üzvləri, bu şəhərdə təhsil alan azərbaycanlı tələbələr və yerli ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Simona Lembi açılış nitqində vurğulayıb ki, bu cür tədbirlər xalqlarımız arasında münasibətlərə töhfə verir. Yüzlərlə azərbaycanlının partizan dəstələrinin tərkibində İtaliyanın azadlığı uğrunda döyüşməsi bu gün də minnətdarlıq hissi ilə xatırlanır.

Tədbirdə çıxış edən V.Sadıqov diqqətə çatdırıb ki, iki ölkə arasında dərin tarixi köklərə əsaslanan əlaqələr mövcuddur. Müharibə illərində 300 minədək azərbaycanlının həlak olduğunu xatırladan səfir deyib ki, onların bir çoxu döyüşlərdə göstərdiyi şücaətə görə medallarla təltif edilib, xeyli sayda soydaşımız Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb. Azərbaycanlılar İtaliya partizan hərəkatının da fəal iştirakçıları olublar.

Daha sonra italiyalı yazıçılar Massimo Qalyardi, Fulvio Simoni və Elda Querra çıxış edərək C.Neqrininin həyat və yaradıcılığından danışıblar.

Sonda Avropa Azərbaycan Cəmiyyətinin dəstəyi ilə azərbaycanlı rejissor Nihad İsanın lentə aldığı “Cina və Nuru” sənədli filminin təqdimatı olub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi