Yuxarı

BMT QAK nümayəndəsi: "Azərbaycan digər ölkələr üçün yaxşı nümunədir" - MÜSAHİBƏ

Azərbaycan məcburi köçkünlərin hüquq və müdafiəsinə çoxlu sərmayə qoyub

Bakı. 14 sentyabr. REPORT.AZ/ BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (BMT QAK və ya orijinalda UNHCR - red.) Azərbaycandakı nümayəndəsi Furio de Ancelisin "Report" İnformasiya Agentliyinə müsahibəsi

- Əvvəlcə özünüz barədə məlumat verə bilərsiniz?

- Mən italiyalıyam və 27 ildir BMT QAK-da müxtəlif missiyalarda fəaliyyət göstərirəm. Əsasən Mərkəzi Asiya və Şərqi Avropada çalışmışam. Keçmiş Yuqoslaviyada, müharibə zamanı Xorvatiyada, Ukrayna, Türkiyə, Pakistan, Əfqanıstan, Mərkəzi və Şərqi Afrikada olmuşam. Azərbaycana gəlməmişdən əvvəl Kanadada nümayəndə idim. İndi isə Azərbaycanda nümayəndəyəm.

- BMT QAK-ın nümayəndəsi kimi hansı məqsədlərinız var?

- BMT QAK-ın Azərbaycandakı nümayəndəsi kimi mən burada qaçqınlar üzrə ali komissar Filippo Qrandini və BMT Baş Assambleyası tərəfindən ona verilmiş mandatı təmsil edirəm. BMT QAK-ın ofisi dünyada vətəndaşlığı olmayan şəxslərin sayının azaldılması və sığınacaq axtaran şəxslərin hüquqlarının qorunması məqsədilə qaçqın və məcburi köçkünlərin müdafiəsini yaxşılaşdırmaq üçün hökumətlərlə birgə işləmək baxımından qlobal mandata malikdir.

- BMT QAK və Azərbaycan arasında əməkdaşlığın səviyyəsini necə qiymətləndirirsiniz?

- Əməkdaşlıq əla səviyyədədir. Ötən əsrin 90-cı illərinin əvvəlində Azərbaycanda xeyli sayda insanın öz ev-eşiyini tərk etməyə məcbur olması ilə nəticələnən münaqişənin nəticələrinin aradan qaldırılması üçün BMT QAK-ın geniş dəstək proqramı olub. İllər ötdükcə yardımın səviyyəsi azalıb. Biz artıq yüksək səviyyədə resurslar təchiz etmək gücündə deyilik və hazırda proqramlarımız hökumətlə birgə işlərə və yardım proqramlarının həyata keçirilməsinin monitorinqinə yönəlib. Bundan başqa, BMT QAK həmçinin Azərbaycandakı məcburi köçkünlərin vəziyyətini beynəlxalq ictimaiyyətin diqqətini çatdırmağa və humanitar mandatımız çərçivəsində məcburi köçkünlərin problemlərinin ədalətli həllinə töhfə verməyə çalışır.

- Azərbaycanda layihələrin sayının azaldığını bildirdiniz. Bu nə ilə bağlıdır?

- İki mühüm səbəb var. İlk növbədə illər sonra Azərbaycan resurslar, siyasi iradə, məcburi köçkünlərin hüquq və müdafiəsinə milli diqqət baxımından çoxlu sərmayə qoyub. Bu, məcburi köçkünlərin qayğısınsa qalmaq baxımından əla göstəricidir. Bu vəziyyətə düşən bütün ölkələrdən məhz belə addımlar istəyirik. Biz ölkələrdən məcburi köçkünlərə qayğı göstərməyi və onları resurslarla təmin etməyi xahiş edirik. Azərbaycan bunu edib və ona görə də Azərbaycanın məcburi köçkünlər üçün həyata keçirdiyi proqramların səviyyəsinin digər ölkələr üçün yaxşı nümunə ola biləcəyini deyə bilərik.

- Azərbaycan hökumətinin ölkəmizdəki qaçqınlarla işini necə qiymətləndirirsiniz? Onların həyat şəraitini necə dəyərləndirirsiniz?

- Qaçqınlardan danışırıqsa, deməli, bu insanlar Azərbaycana müdafiə və sığınacaq üçün gəlib. Azərbaycan hökuməti isə qaçqınların müdafiəsini təmin etmək üçün əsas tədbirləri həyata keçirib. Məsələn, Azərbaycan qaçqınların statusuna dair olan Qaçqınlar üzrə Beynəlxalq Konvensiyanı (1951-ci il) imzalayıb. Hökumət qaçqın statusunun müəyyənləşdirilməsi üçün sistem yaradıb. Dövlət Miqrasiya Xidməti məsələ ilə bağlı halları müəyyən edən qurumdur. Bu təşkilat qaçqınların müdafiəsinin yaxşılaşdırılması üçün baza yaradılması üçün çox vacibdir. Əlbəttə, hələ çox iş görmək lazımdır. Biz müvafiq dəyişikliklərlə qanunvericiliyin təkmilləşdirilməsinin tərəfdarıyıq. Onların mümkün qədər tez təsdiq olunacağına ümid edirik. Qanunun həyata keçirilməsinin ədalətli və beynəlxalq standartlara uyğun olmasını təmin etmək üçün Dövlət Miqrasiya Xidməti ilə birlikdə işləyirik.

- Qanunvericiliyə hansı düzəlişlər ediləcəyini gözləyirsiniz?

- Hazırda nəzərdən keçirilməsi üçün parlamentdə olan qanunvericiliyə düzəlişlər Azərbaycanın müdafiə mühitinin yaxşılaşdırılmasına, təkcə qaçqınların yox, həm də məsələn, münaqişə və zorakılıq qurbanlarının müdafiəsini genişləndirməyə imkan verəcək mütləq müdafiə anlayışının tətbiqinə yönəlib. Bu, qaçqınların müdafiəsi üzrə milli qanunvericilikdə mühüm inkişaf olardı.

- Nə qədər insan Azərbaycanda sığınacaq axtarır?

- Azərbaycanda sığınacaq axtaran şəxslərin sayı digər regionlarla müqayisədə azdır. Hazırda Azərbaycanda təxminən 1 400 qaçqın var və bu il azı 100 nəfər sığınacaq tapmaq ümidi ilə Azərbaycana gəlib.

- Ümumi götürsək, dünyada qaçqınların sayında artım olub? Dünyada qaçqın statusu ilə nə qədər insan yaşayır?

- Dünyada məcburi köçkünlərlə bağlı vəziyyət dramatikdir. BMT QAK-ın məlumatına görə, dünyada 65 milyon insan müharibə və təqiblər səbəbindən məcburi köçkün qismində yaşayır. Onlardan 20 milyon nəfəri, 5 milyon fələstinli də daxil olmaqla, qaçqındır. Hər gün 33 min insan müharibə, münaqişə, insan hüquqlarının pozulmasına görə evini tərk edir. Bu gün Suriya əsas qaçqın "istehsalçısıdır", amma dünyada Mərkəzi Afrika Respublikası, Cənubi Sudan kimi çoxlu böhranlar da var.

- BMT QAK Azərbaycanda hansısa layihə həyata keçirmək niyyətindədir?

- Bizim burada nümayəndəliyimiz var və bu, çox vacib layihədir. Belə ki, bizim mövcudluğumuz hökumətə qaçqınların qorunması, onların həyat şəraitinin yaxşılaşdırılması üzrə öhdəliklərini yerinə yetirməkdə dəstək verməyimizə imkan yaradır. Biz Azərbaycanda məcburi köçkünlərin ehtiyaclarının diqqətdə saxlanılması məsələsində hökumətə yardım edirik və bu problemin tezliklə həll olunacağına ümid edirik. Eyni zamanda, qaçqınlar arasında ən zəif təminatlılara birbaşa yardım üzrə məhdud layihələrimiz də var. Bundan başqa, qaçqınlara bazarda və əsas xidmət sahələrində iş verilməsinin tərəfdarıyıq. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi