BMT-nin rezident əlaqələndiricisi: "Azərbaycanın COVID-19-la mübarizədə vaxtında atılan addımları bəhrəsini verib"

BMT-nin rezident əlaqələndiricisi: "Azərbaycanın COVID-19-la mübarizədə vaxtında atılan addımları bəhrəsini verib" Ölkəyə gəldikdən sonra Azərbaycanla bağlı ilk təəssüratlarınız?
Xarici siyasət
373
24 Sentyabr , 2021 13:05
BMT-nin rezident əlaqələndiricisi: Azərbaycanın COVID-19-la mübarizədə vaxtında atılan addımları bəhrəsini verib
Vladanka Andreyeva

"Report"un BMT-nin Azərbaycandakı yeni rezident əlaqələndiricisi Vladanka Andreeva ilə müsahibəsi

Ölkəyə gəldikdən sonra Azərbaycanla bağlı ilk təəssüratlarınız necədir?

- Azərbaycana bir neçə ay əvvəl gəlmişəm və ilk andan özümü evdəki kimi hiss etdim. Son həftələr ərzində əsasən tərəfdaşlarla görüşlərin keçirilməsi və yeni evimiz olan Bakı şəhərini kəşf etməklə məşğul olmuşam. Adətən günümə dənizkənarı Bulvarda gəzinti ilə başlayıb, ordan körfəzin görüntüsü, sərin meh və şəhərin oyanmağından zövq alıram. İnsanlar istiqanlı və qonaqpərvərdir, yeməklər isə çox ləzzətlidir. Gözəl ölkənizi kəşf etmək və insanlarla ünsiyyətdə olmaq üçün böyük səbirsizliklə müxtəlif bölgələrə edəcəyim səfərlərimi gözləyirəm. Yaxın günlərdə artıq ilk səfərimi gerçəkləşdirəcəyəm.

- BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi kimi fəaliyyətinizin prioritetləri nə olacaq?

- Bu ilin əvvəlində, martın 1-də BMT-nin ölkə üzrə idarə heyəti və Azərbaycan Hökuməti 2021-2025-ci illər üçün BMT-Azərbaycan Dayanıqlı İnkişaf üzrə Əməkdaşlığa dair Çərçivə sənədini imzalayıb. Sənəd BMT-Azərbaycan tərəfdaşlığı üçün dörd əsas prioriteti müəyyən edib: həssaslığı azaldan və dayanıqlığı təmin edən inklüziv artım; dövlət və sosial xidmətlərin daha yaxşı göstərilməsi üçün daha güclü institutlar; ətraf mühitin mühafizəsi və iqlim dəyişikliyi ilə mübarizə; və qadın və qızların səlahiyyətlərini artıran və gender bərabərliyinə əsaslanan cəmiyyət. Rəhbər sənəd, eyni zamanda, COVID-19 və son münaqişədən sonra daha təkmil inkişaf və bərpa proseslərini nəzərə alaraq hazırlanıb. Bu mövzular Azərbaycanda dayanıqlı inkişaf səylərini dəstəkləyən BMT ailəsi və mənim rəhbər tutduğum istiqamətdir.
Çərçivə sənədində çox iddialı hədəflər qoymuşuq və onlara çatmaq üçün daha sürətli addımlara və cəmiyyətin bütün təbəqələrinin səfərbərliyinə ehtiyacımız var. Rezident əlaqələndirici qismində BMT ailəsinə rəhbərlik və sözügedən hədəfləri Dayanıqlı İnkişaf Məqsədlərinə doğru ölçülə bilən irəliləyişə çevirəcək həllərin toplusunu hazırlamaq və həyata keçirmək üçün Azərbaycandakı tərəfdaşlarla sıx əməkdaşlıq edəcəyəm.

- Gələn il Azərbaycanın BMT-yə üzvlüyünün 30 illiyi qeyd olunacaq. BMT-nin bu il üçün planları nədir? Hər hansı tədbir planlaşdırılırmı?

Həqiqətən də, bu, Azərbaycanla BMT arasında tərəfdaşlığın bir çox uğurlarını və gələcək əməkdaşlıq perspektivlərini nəzərdən keçirmək üçün mühüm mərhələ və gözəl fürsətdir.
BMT-nin Azərbaycandakı ilk ofisi 1992-ci ilin noyabrında açılıb və o vaxtdan bəri BMT Azərbaycanın keçid iqtisadiyyatından yüksək gəlirli iqtisadiyyata, habelə yüksək insan inkişafı indeksinə malik ciddi tərəqqisini müşayiət edən etibarlı tərəfdaşdır.
Bu əlamətdar tarixi qeyd etmək üçün hökumət, vətəndaş cəmiyyəti, elmi dairələr, özəl sektor, media və digər tərəfdaşlarla birlikdə 2022-ci il üçün bir sıra tədbirlər planlaşdırırıq. Bunlar haqqında daha ətraflı məlumat almaq üçün xəbərlərimizi izləyin.

- Azad edilmiş ərazilərin minalardan təmizlənməsi prosesində BMT Azərbaycana necə kömək edir?

- Minalar münaqişənin təsirinə məruz qalmış bölgələrdə yaşayan yerli icmalar üçün ciddi təhlükə yaradır. Minaların təmizlənməsi həm hökumət, həm də BMT üçün prioritet istiqamətdir. Təhlükəsiz mühitin yaradılması bu bölgələrdə yaşayan insanların həyatlarını yenidən qurmaları və məcburi köçkünlərin təhlükəsiz geri qayıtmasını planlaşdırmaq üçün əsas şərtlərindən biridir. Bu, həmçinin infrastrukturun yenidən qurulması və kənd təsərrüfatı fəaliyyətinin bərpası da daxil olmaqla münaqişənin təsirinə məruz qalmış ərazilərin yenidən həyata qaytarılması üçün önəmlidir.

9 noyabr 2020-ci il bəyanatının imzalanmasından dərhal sonra, BMT-nin İnkişaf Proqramı (BMTİP) və BMT-nin Ərazilərinin Minalardan Təmizlənməsi Xidməti (UNMAS) Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyinə (ANAMA) minaların və partlamamış sursatların təsirini qiymətləndirməyə kömək etmək üçün birgə qiymətləndirmə missiyası həyata keçirib. BMTİP, UNMAS və UNICEF əhalinin mina təhlükəsinə dair maarifləndirilməsi və ANAMA-nın texniki potensialının gücləndirilməsi də daxil olmaqla Azərbaycanın minalardan təmizləmə strategiyasını dəstəkləmək üçün hökumətlə əməkdaşlığını davam etdirir. Minaların təmizlənməsi və potensialın artırılması səyləri BMTİP və BMT-nin Mərkəzi Fövqəladə Hallara Yardım Fondundan ayrılan 1 milyon ABŞ dolları, eləcə də Böyük Britaniya və digər donorların maliyyə dəstəyi vasitəsilə dəstəklənir.

Digər tərəfdən, UNICEF, ANAMA və Təhsil Nazirliyi ilə münaqişənin təsirinə məruz qalmış bölgələrdə yaşayan əhalinin, müəllim və şagirdlərin ehtiyaclarına uyğunlaşdırılmış mina maarifləndirmə tədbirləri istiqamətində də sıx əməkdaşlığı davam etdirir. Onların sırasında Partlayıcı Maddələr üzrə Risk Təhsili (EORE) mesajlarının hazırlanması, habelə müəllim və şagirdlər üçün dərsliklərin yenilənməsini qeyd etmək olar. Bu günə qədər əvvəlki təmas bölgələrində yaşayan 208,000 nəfər (yarıdan çoxu uşaqdır) EORE təhsil materialı və məlumat sessiyaları ilə təmin olunub.

Məcburi köçkünlərin azad edilmiş ərazilərə təhlükəsiz şəkildə qayıtması səylərində BMT Azərbaycana necə kömək etməyə hazırdır? Bu proses nə qədər çəkə bilər?

- BMT ailəsi daxilində BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı (BMT QAK) münaqişə nəticəsində köçkün düşmüş insanlara kömək etmək səlahiyyətinə malikdir. BMT QAK Azərbaycan, Rusiya və Ermənistan rəhbərlərinin imzaladığı 9 noyabr 2020-ci il tarixli bəyanatına əsasən göstərilən səyləri ən yaxşı şəkildə dəstəkləməyin yollarını müzakirə etmək üçün hökumət orqanları ilə daim əlaqədədir. Bu proses minalardan təmizləmə və infrastrukturun bərpası kimi bir sıra digər fəaliyyətləri də əhatə etdiyi üçün onun nə qədər çəkəcəyini təxmin etmək çətindir. Bununla belə, deyə bilərəm ki, təhlükəsiz və ləyaqətli qayıdışı təmin etmək məqsədilə BMT QAK və BMT ailəsi müvafiq dövlət qurumları və aidiyyəti təsisatlarla sıx əlaqələndimə şəklində fəaliyyətini davam etdirəcək.

- Azərbaycanın COVID-19 pandemiyasına qarşı tədbirlərini necə qiymətləndirirsiniz? BMT pandemiyaya qarşı mübarizədə Azərbaycanı necə dəstəkləmiş və bundan sonra necə dəstəkləyəcək?

Azərbaycan, COVID-19 pandemiyasının yayılmasının qarşısını almaq və böhranın vətəndaşlara göstərə biləcək sosial-iqtisadi təsirinin minimuma endirmək üçün tez bir zamanda sübutlara əsaslanan ictimai sağlamlıq tədbirlərini həyata keçirib. BMT hər iki istiqamətdə əsas tərəfdaş rolunu oynayıb. Səhiyyə, risk kommunikasiyası, təhsilin davam etdirilməsi, həssas qruplara sosial dəstəyin göstərilməsi, həyati əhəmiyyətli tibbi ləvazimatlar və peyvəndlərin satın alınması ilə əlaqədar texniki məsləhətlər də daxil olmaqla, biz Azərbaycana COVID-19 Hazırlıq və Müdaxilə Planının tərtibatı sahəsində də dəstək göstərmişdik.

Azərbaycan bu pandemiya ilə mübarizədə regional və qlobal səylərə də öz töhfəsini verib. Qoşulmama Hərəkatının sədri olaraq Azərbaycan təşkilatın Təmas Qrupu ölkələrinin Zirvə görüşünü təşkil edib və COVID-19-la mübarizə çərçivəsində BMT Baş Assambleyasının Xüsusi Sessiyasının təşəbbüskarı olub. Çoxtərəfli əməkdaşlığa və ortaq məsuliyyətə sadiq olan Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatının qlobal Strateji Hazırlıq və Cavab Planına 10 milyon ABŞ dolları ayırmaqla COVİD-19-a qarşı qlobal səylərə maliyyə dəstəyi də verib.
Bu günə kimi vaxtında atılan addımlar öz bəhrəsini verib və ölkədə yoluxma və ölüm nisbətləri əsasən nəzarətə alınıb. İndi isə əsas diqqət COVID-19 peyvəndlərinin daha geniş tətbiqinə yönəlib. Hazırda Azərbaycan əhalisinin 35%-dən çoxu iki doza peyvənd olub. Bu, yaxşı göstəricidir. Ümid edirəm ki, bu göstərici növbəti aylarda artmağa davam edəcək və öz tərəfimdən peyvənd oluna bilən hər bir vətəndaşı qeydiyyatdan keçməyə və peyvənd olunmağa çağırıram.

Peyvənd bizə normal həyata qayıtmağın ən münasib yolunu təmin edir. Maska geyinmək və fiziki məsafəni saxlamaq kimi digər tədbirlərlə yanaşı, insanların təhlükəsiz və effektiv peyvəndlərlə qorunması pandemiyaya son qoymağa və bir-birimizə yenidən yaxın olmağımıza kömək edəcək. BMT sistemi peyvəndlərin COVAX mexanizmi ilə əldə edilməsini təmin etmək və peyvəndlərə geniş və ədalətli çıxışı təbliğ etmək sahəsində Azərbaycan Hökuməti ilə sıx tərəfdaşlığını davam etdirəcək.

Son xəbərlər

Orphus sistemi