BMT-nin baş katibindən Qadınlar Günü ilə bağlı məqalə: İdarəetmədə gender disbalansı

BMT-nin baş katibindən Qadınlar Günü ilə bağlı məqalə: İdarəetmədə gender disbalansı Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Antonio Quterreş 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə məqalə yazıb.
Xarici siyasət
8 Mart , 2020 10:00
BMT-nin baş katibindən Qadınlar Günü ilə bağlı məqalə: İdarəetmədə gender disbalansı

Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Antonio Quterreş 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə məqalə yazıb.

"Report" məqaləni təqdim edir:

Gender bərabərsizliyi dövrümüzün ən acı ədalətsizliyi və insan hüquqları sahəsində qarşılaşdığımız ən böyük problemdir. Əslində, gender bərabərliyi günümüzün bəzi ən çətin problemlərini həll etməyə qadirdir.

Qadınlar hər yerdə kişilərdən daha əlverişsiz durumdadır - sadəcə qadın olduqlarına görə. Milli azlıqlardan olan, habelə yaşlı, əlil, miqrant və qaçqın qadınlar üçünsə reallıq daha acınacaqlıdır.

Son illər ayrı-seçkilik qanunlarının ləğvindən tutmuş məktəbə gedən qızların sayının artmasına qədər qadın hüquqları sahəsində çox böyük irəliləyişlər görsək də, hazırda biz güclü müqavimətlə üzləşirik. Bəzi ölkələrdə təcavüz və məişət zorakılığına qarşı hüquqi müdafiə zəiflədiyi halda, digərlərində məcburi reproduksiya kimi qadınlara qarşı cəzalandırma siyasəti yürüdülür. Qadınların cinsi və reproduktiv hüquqları hər tərəfdən təhlükə altındadır.

Bütün bunlar ona görə baş verir ki, gender bərabərliyi əsasən güc məsələsidir. Ayrı-seçkilik və dərin kök atmış patriarxal münasibətlər iqtisadiyyat, siyasi sistem və korporasiyalarda kişi və qadınlar arasında böyük gender boşluğu yaradıb. Bunun sübutunu hər yerdə görə bilərik.

Qadınlara hələ də hökumətlər, korporasiyalar və nüfuzlu mükafatlandırma mərasimlərində rəhbərlikdə yer verilmir. Qadın liderlər və ictimai xadimlər virtual və real həyatda təcavüz, təhdid və təqiblərlə üzləşir. Məvaciblərdə gender əsaslı ayrı-seçkilik bu gender bərabərliyindəki boşluğun bir əlamətidir.

Şəhər planlaşdırma və narkoloji ekspertiza kimi neytral sahələrdə belə qərarların verilməsi “kişi işi” kimi qəbul edilir; kişilərin bu sahələrdə fəaliyyəti standart, qadınların iştirakı isə istisna hal kimi qəbul olunur.

Qadınlar və qızlar əsrlər boyu onlara qarşı nifrət və nailiyyətlərinin silinməsi ilə mübarizə aparırlar. Onlar isterik və ya hormonlardan asılı biriləri kimi lağa qoyulur; xarici görünüşlərinə görə mühakimə edilir; bədənlərinin təbii funksiyaları ilə bağlı mif və tabularla üzləşirlər; hər gün seksizm, kişilərin onlara daim ağıl vermək istəyi və qurban olduqları zaman belə ittiham olunmaları ilə qarşılaşırlar.

Bunlar hamımıza təsir edir və qarşılaşdığımız bir çox problem və təhdidlərin həlli üçün maneədir.

Bərabərsizliyi götürək. Qadınlar kişilərin qazandığı hər bir dollar qarşısında 77 sent qazanır. Dünya İqtisadi Forumunun son tədqiqatında bildirilir ki, bu cür davam etsək, bu fərqi aradan qaldırmaq üçün 257 il vaxt lazımdır. Eyni zamanda qadınlar və qızlar hər gün 12 milyard saat ödənişsiz qayğı xidmətləri göstərirlər ki, bu da iqtisadi qərarlar qəbul edilən zaman nəzərə alınmır. Əgər biz hər kəsin faydalana biləcəyi ədalətli qloballaşmaya nail olmaq istəyiriksə, siyasətimizi qadınların həqiqi töhfəsini nəzərə alan statistikaya əsaslanmalıyıq.

Başqa bir məqam rəqəmsal texnologiyadır. Dünya universitetləri, startaplar və Silikon Vadilərində gender balansının olmaması böyük narahatlıq doğurur. Bu texnoloji mərkəzlər gələcəyin cəmiyyətlərini və iqtisadiyyatlarını formalaşdırır; biz onlara kişilərin üstünlüyünü möhkəmləndirməyə imkan verə bilmərik.

Və ya dünyamızı dağıdan müharibələri götürək. Qadına qarşı zorakılıq, vətəndaşlara zülm və münaqişələr arasında birbaşa əlaqə var. Bir cəmiyyətin öz əhalisinin yarısını təşkil edən qadınlara necə münasibət göstərməsi digərlərinə qarşı davranışının vacib göstəricisidir. Dinc cəmiyyətlərdə belə bir çox qadın öz evində ölümcül təhlükə ilə üzləşir.

Hətta iqlim böhranına dair gördüyümüz işlərdə də gender boşluğu var. Tullantıların azaldılması və təkrar emal təşəbbüsləri əksər hallarda qadınlardan gəlir. Kişilər isə sınaqdan keçirilməmiş texnoloji həllərə daha çox inanırlar. Qadın iqtisadçılar və millət vəkilləri kişilərə nisbətən daha çox ətraf mühitin qorunmasına yönəlmiş siyasəti dəstəkləyirlər.

Nəhayət, siyasi təmsilçilik gender gücü boşluğunun ən bariz sübutudur. Dünya parlamentlərində orta hesabla hər üç kişi millət vəkilinə bir qadın millət vəkili düşür. Amma onların fəaliyyəti sayəsində səhiyyə və təhsil sahəsinə yenilik və sərmayə gətirilir. Təsadüfi deyil ki, iqtisadi uğuru rifah və dayanıqlılığa görə qiymətləndirən hökumətləri məhz qadınlar idarə edir.

Buna görə Birləşmiş Millətlər Təşkilatındakı ilk prioritetlərimdən biri qadınları rəhbər vəzifələrə cəlb etmək idi. Hazırda, planımızı iki il qabaqlayaraq yüksək vəzifəli şəxslər səviyyəsində gender bərabərliyinə nail olmuşuq və yaxın illərdə bütün səviyyələrdə bərabərliyi təmin etmək məqsədimiz var.

Dünya ciddi problemlərlə üzləşib və gender bərabərsizliyi bunun əsas səbələrindən biridir. İnsanlığın yaratdığı problemin bəşəri həlli var. Gender bərabərliyi hamı üçün fayda verəcək gücün yenidən təyin edilmə və dəyişdirmə vasitəsidir.

21-ci əsr sülh və ticarət danışıqları, iclas və sinif otaqları, Böyük 20-lik və BMT-də qadınların bərabərliyi əsri olmalıdır.

Qadınları dəyişdirmək cəhdlərini dayandırmaq və onların potensialını həyata keçirmələrinə mane olan sistemləri dəyişmək vaxtıdır.

Son xəbərlər

Orphus sistemi