BMT Baş Assambleyasının yubiley sessiyası qeyri-adi formatda keçiriləcək

BMT Baş Assambleyasının yubiley sessiyası qeyri-adi formatda keçiriləcək BMT Baş Assambleyasının 75-ci sessiyası rəsmi olaraq sentyabrın 15-də açılacaq
Xarici siyasət
24 İyul , 2020 11:26
BMT Baş Assambleyasının yubiley sessiyası qeyri-adi formatda keçiriləcək
0 : 00
0 : 00

BMT Baş Assambleyasının 75-ci sessiyası rəsmi olaraq sentyabrın 15-də açılacaq.

“Report” BMT-nin məlumat mərkəzinə istinadən xəbər verir ki, yeni sessiyanın ilk günlərində əsasən prosedur məsələlər, o cümlədən Assambleyanın altı əsas komitəsi arasında gündəliyin bölüşdürülməsi ilə bağlı məsələlər həll ediləcək.

İllik ümumi müzakirələr - sessiyanın ən vacib hissəsi – sentyabrın 22-də başlayacaq. Ənənəyə uyğun olaraq, sessiyanı Braziliya açır, ardınca BMT-nin qərargahının ərazisində yerləşdiyi ölkə kimi ABŞ çıxış edir. Bir qayda olaraq, həmin həftədə dövlət və hökumət başçıları Nyu-Yorka gəlirlər. Amma bu il Baş Assambleya istisna hallarda dövlətlərin əvvəlcədən yazılmış video çıxışlarını göndərməsinə imkan yaradacaq. Bu videoçarxlar konfrans salonunda çıxış edənlərin siyahısı və prosedur qaydalarına uyğun olaraq yayımlanacaq. Bilavasitə Baş Assambleya zalında olan nümayəndələrin sayı məhdud olacaq.

Müzakirələr ərəfəsində - sentyabrın 21-də eyni formatda BMT-nin 75 illiyinə həsr olunmuş yüksək səviyyəli iclas keçiriləcək. Bundan əlavə, Yüksək Səviyyə Həftəsi (bu il bir qədər uzadılıb) çərçivəsində daha üç yüksək səviyyəli görüş planlaşdırılır. Sentyabrın 30-da Biomüxtəliflik Sammiti, oktyabrın 1-də qadın hüquqları haqqında Pekin Bəyannaməsinin 25 illiyinə həsr olunmuş iclas, oktyabrın 2-də isə nüvə tərksilahına dair iclas keçiriləcək.

BMT Baş Assambleyasının 75-ci sessiyasının sədri qismində türkiyəli diplomat və siyasi xadim Volkan Bozkır seçilib.

Qeyd edək ki, BMT Baş Assambleyası BMT-nin əsas müzakirə qurumudur. Buraya təşkilatın bütün üzv dövlətlərinin nümayəndələri daxildir və onların hər biri bir səsə malikdir. Sülh və təhlükəsizlik məsələləri və ya yeni üzvlərin qəbulu kimi vacib məsələlərə dair qərarlarda üçdə iki səs çoxluğu tələb olunur. Digər məsələlərə dair qərarlar sadə səs çoxluğu ilə qəbul edilir.

Son xəbərlər

Orphus sistemi