Yuxarı

​İlham Əliyev: "O qətnamələr bizim üçün kağız parçasıdır"

Almaniya Bundestaqı özünü nə zənn edir? Dünyanın ağasıdırmı, dünyaya hakimdirmi, hamı onlara tabe olmalıdırmı? Görünür, onlar pis öyrəşiblər

Bakı. 13 iyul. REPORT.AZ/ Azərbaycan Prezidenti İlham Əliyev iyulun 13-də Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında çıxış edib.

"Report"un məlumatına görə, çıxışında Prezident İlham Əliyev Avropa Şurası Parlament Assambleyasında qəbul edilən qətnamədə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı əks olunan bəndin də qərəzli olduğunu vurğulayıb: "Bu yaxınlarda - Avropa Oyunları zamanı qətnamə qəbul edildi. Qətnamənin məruzəçilər tərəfindən təklif edilmiş mətndə yazılıb ki, assambleya nəzərə alır ki, Azərbaycan torpaqları işğal altındadır. Bu cümləni dəyişərək "Assambleya nəzərə alır ki, Dağlıq Qarabağ münaqişəsi mövcuddur" kimi edirlər. Bu nə deməkdir. Bu, açıq-aydın anti-Azərbaycan mövqeyidir".

Azərbaycana qarşı çirkin kampaniyanın aparıldığını, önəmli beynəlxalq tədbirlər ərəfəsində bunun daha da alovlandığını deyən Prezident İlham Əliyev bəzi riyakar qərb siyasətçilərinin, erməni pulları ilə özlərinə həyat quran konqresmenlərin, senatorların, islamafob siyasəçilərinin Azərbaycana qarşı müharibə elan etdiklərini, bunun təməlində də paxılllığın və bəd niyyətin dayandığını diqqətə çatdırıb: "Əfsuslar olsun ki, bu gün Avropada faşizm baş qaldırıb. İrqçilik, islamafobiya, ksenofobiya, antisemitizm təkcə müsəlmanlara qarşı deyil. Əlbəttə ki, müsəlman ölkəsinin bu qədər inkişaf etməsini istəməyən qüvvələr var. Onlar birləşib. Eyni zamanda Azərbaycanda "5-ci kolon"nun qalıqları ilə bizə qarşı hücuma keçiblər. Avropa Oyunları ərəfəsində və Oyunlar zamanı bizə qarşı informasiya müharibəsi ən şiddətli mərhələyə qədəm qoydu. Ancaq bu informasiya müharibəsində Azərbaycan xalqı və dövləti qalib gəldi. Çünki bu kampaniya və kampaniyanın son mərhələsi göstərdi ki, bizim irədəmizə heç bir kənar qüvvə təsir edə bilməz".

Dövlət başçısı bildirib ki, I Avropa Oyunlarının açılışına iki gün qalmış Avropa Parlamentində Azərbaycan qarşı qərəzli qətnamə müzakirəyə çıxarılsa da, qəbul olunmayıb. Prezident qeyd edib ki, Almaniya Bundestagında isə Azərbaycan əleyhinə olan qətnamə qəbul edilib: "Bu da bir daha ölkəmizin, onun uğurlarını gözdən salmağa çalışan kampaniyanın tərkib hissəsidir. Almaniya Bundestaqının bizimlə nə işi var? Almaniya Bundestaqı özünü nə zənn edir? Dünyanın ağasıdırmı, dünyaya hakimdirmi, hamı onlara tabe olmalıdırmı? Görünür, onlar pis öyrəşiblər. Amma bizi başqaları ilə müqayisə etməsinlər. Bizim onlarla münasibətlərimiz distansiya səviyyəsindədir. Onlardan heç bir istəyimiz yoxdur. Əksinə, bizim qazımız onlara lazımdır, bizim müqavilələrimiz onlara lazımdır, bizim neftimiz onlara lazımdır. Bizim bu coğrafiyada, ərazidə fəaliyyətimiz onlara lazımdır".

Avropa Şurası Parlament Assambleyasında qəbul edilən qətnamənin də anti-Azərbaycan mövqeyini əks etdirdiyini deyən dövlət başçısı bu qətnamələrin heç birinin əhəmiyyətinin olmadığını vurğulayıb: "Bununla bərabər, ikitərəfli formatda Avropa ölkələri ilə problemlərimiz yoxdur. Bir çox hallarda Avropanın aparıcı ölkələrinin liderləri ilə görüşlər əsanasında bunları deyirəm. Deyirlər ki, fikir verməyin, onlar o fikirə layiq deyillər. Biz fikir vermirik, əgər fikir versəydik, onların dediklərini edərdik. Burada heç kim onların dediklərini etməyəcək. O qətnamələr bizim üçün kağız parçasıdır, ona görə də heç kəs onları icra etməyəcək. Bunu bilsinlər, Azərbaycan xalqı bilsin və o çirkin yazıları tərtib edənlər bilsinlər. Azərbaycanla diktant dili ilə danışmaq olmaz. Azərbaycanla dost, tərəfdaş olmaq olar, biz buna hazırıq. Gələcəkdə də bu istiqamətdə gedəcəyik".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi