Yuxarı

Bişkekdə Bəxtiyar Vahabzadənin 90 illik yubileyi qeyd olunub

Tədbirdə Qırğızıstanın mədəniyyət, turizm və informasiya naziri də iştirak edib

Bakı. 12 noyabr. REPORT.AZ/ TÜRKSOY-un, Azərbaycanın Qırğızıstandakı səfirliyinin, Qırğızıstanın Milli Kitabxanasının və Qırğız Xalqı Assambleyasının təşəbbüsü ilə Bişkekdə Azərbaycanın xalq şairi Bəxtiyar Vahabzadənin anadan olmasının 90 illik yubileyi qeyd olunub.

Azərbaycanın Qırğızıstandakı səfirliyindən “Report”a verilən məlumata görə, tədbirdə hökumət üzvləri, xarici dövlətlərin səfirləri, beynəlxalq təşkilatların rəhbərləri və digərləri iştirak ediblər.

Tədbirin əvvəlində Kitabaxanın foyesində TÜRKSOY-un təşəbbüsü ilə şairin yubileyi münasibətilə nəşr olunmuş “Türk dillərində Bəxtiyar Vahabzadənin 90 şeiri” adlı kitabının təqdimat mərasimi ilə əlaqədar sərgi keçirilib.

Sonra Bəxtiyar Vahabzadənin həyat və yaradıcılığından bəhs edən film nümayiş olunub.

Tədbirdə çıxış edən Qırğızıstanın mədəniyyət, turizm və informasiya naziri Altınbek Maksutov B.Vahabzadənin Azərbaycan poeziyasının görkəmli nümayəndələrindən biri olduğunu, Qırğız şairi Toktoqul Satılqanov kimi B.Vahabzadənin də öz xalqının şairi olduğunu, xalqın fikirlərini öz şeirlərində əks etdirdiyini qeyd edib. Nazirin fikrincə, B.Vahabzadənin yubileyinin Bişkekdə keçirilməsi bir daha sübut edir ki, onu yalnız Azərbaycanda deyil, bütün türk dünyasında çox sevirlər.

Sonra çıxış edən Azərbaycanın Qırğızıstandakı səfiri Hidayət Orucov B.Vahabazədinin böyük şair və fikir sahibi olması ilə yanaşı, onun həm də dissident olduğunu bildirib.

Səfir vurğulayıb ki, Azərbaycan ilə Qırğızstan arasında əməkdaşlıq münasibətləri təkcə siyasi və iqtisadi sahədə deyil, həm də humanitar sahədə inkişaf etməkdədir və bu xətt hər iki ölkənin prezidentlərin siyasətinin prioritet istiqamətlərindəndir.

Sonda Qırğızstanın görkəmli müğənnilərinin, burda yaşayan azərbaycanlıların “Azəri” Mədəniyyət Mərkəzinin nəzdində fəaliyyət göstərən mahnı və rəqs qruplarının iştirakı ilə konsert proqramı nümayiş etdirilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi