Birləşmiş Ərəb Əmirlikləri Azərbaycana yeni səfir təyin edib

Birləşmiş Ərəb Əmirlikləri Azərbaycana yeni səfir təyin edib Mohamad Ahmed Hamil əl-Qubaysi etimadnaməsinin sürətini xarici işlər naziri Elmar Məmmədyarova təqdim edib
Xarici siyasət
9 Oktyabr , 2015 15:51
Birləşmiş Ərəb Əmirlikləri Azərbaycana yeni səfir təyin edib

Bakı. 9 oktyabr. REPORT.AZ/ Xarici işlər naziri Elmar Məmmədyarov Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Azərbaycan yeni təyin olunan səfiri Mohamad Ahmed Hamil əl-Qubaysini qəbul edib.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, görüşdə səfir Mohamad Ahmed Hamil əl-Qubaysi etimadnaməsinin surətini nazir Elmar Məmmədyarova təqdim edib.

Nazir Elmar Məmmədyarov BƏƏ-nin xarici işlər naziri Şeyx Abdulla bin Zayed əl-Nəhyana salamlarının çatdırılmasını xahiş edərək iki ölkə arasında siyasi əlaqələrin inkişafının məmnunluq doğurduğunu vurğulayıb. Nazir BMT və İslam Əməkdaşlıq Təşkilatı daxil olmaqla, beynəlxalq təşkilatlar çərçivəsində BƏƏ-nin Ermənistan-Azərbaycan münaqişəsi ilə əlaqədar daim nümayiş etdirdiyi ədalətli mövqeyinin və iki ölkə arasında çoxtərəfli formatlarda qarşılıqlı dəstəyin yüksək qiymətləndirildiyini nəzərə çatdırıb. O, iki ölkə arasındakı siyasi əlaqələrin ruhuna uyğun olaraq, iqtisadiyyat, ticarət, turizm, sərmayələr və digər qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlıq üçün əlverişli imkanların olduğunu bildirib. Turizm sahəsində əməkdaşlığın təşviq edilməsi üçün qarşılıqlı şəkildə viza sisteminin sadələşdirilməsi istiqamətində iş aparıldığını qeyd edib.

Səfir ölkəsinin xarici işlər naziri Şeyx Abdulla bin Zayed əl-Nəhyanın ən səmimi salamları və xoş arzularını çatdırıb. İki ölkə arasında siyasi dialoqun və mütəmadi əsasda aparılan siyasi məsləhətləşmələrin, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq və qarşılıqlı dəstəyin təqdirəlayiq hal olduğunu deyib. O, fəaliyyəti dövründə Azərbaycan və BƏƏ arasında ticarət dövriyyəsinin, turist axınının artırılması və sərmayələrin təşviq edilməsi üçün səylərini əsirgəməyəciyini diqqətə çatdırıb.

Görüş əsnasında yüksək səviyyəli qarşılıqlı səfərlərin ikitərəfli əlaqələrin inkişafında mühüm rol oynadığı vurğulanıb.

Nazir Elmar Məmmədyarov səfir Mohamad Ahmed Hamil əl-Qubaysiyə diplomatik fəaliyyətində uğurlar arzu edib.

Son xəbərlər

Orphus sistemi