Yuxarı
    Bağlamaq

    Berlində 20 Yanvar hadisələri anılıb - FOTO

    Almaniyanın paytaxtında 20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar tədbir keçirilib

    Bakı. 20 yanvar. REPORT.AZ/ Berlində Azərbaycan Evinin və Alman-Azərbaycan Ziyalılar Birliyinin təşkilatçılığı, eləcə də Azərbaycanın Almaniyadakı Səfirliyinin dəstəyi ilə 20 Yanvar faciəsinin 27-cü ildönümü ilə əlaqədar tədbir keçirilib.

    Azərbaycan Respublikasının AFR-dəki Səfirliyinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, tədbiri giriş sözü ilə Alman-Azərbaycan Ziyalılar Birliyinin rəhbəri sədri Naibə Şirinova açıb. Daha sonra 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

    Azərbaycan Respublikasının AFR-dəki fövqəladə və səlahiyyətli səfiri Ramin Həsənov çıxış edərək 20 Yanvar faciəsini tarixi və hüquqi-siyasi aspektlərdən təhlil edib. Səfir 20 Yanvar hadisələrinin Azərbaycan xalqının qan yaddaşında oynadığı faciəvi rolu vurğulamaqla bərabər, həmin hadisələri Azərbaycan milli azadlıq hərəkatında qəhrəmanlıq salnaməsi adlandırıb. Ramin Həsənov bildirib ki, Sovet İttifaqı rəhbərliyinin Dağlıq Qarabağda erməni separatçılığı və azərbaycanlıların Ermənistandan qovulması hallarına göz yummasına etiraz edən, eləcə də öz milli hüquqlarını tələb edən dinc əhalinin etiraz səsi silah gücünə susdurulmağa çalışılsa da, Azərbaycan xalqı həmin dövrdə birlik və qətiyyət nümayiş etdirib və nəticədə dövlət müstəqilliyinin bərpasına nail olub.

    Səfir bugün Azərbaycan Respublikasının müstəqil siyasət yürütdüyünü vurğulayıb. Əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş daxili və xarici siyasi kursun uğurla həyata keçirilməsi nəticəsində əldə etdiyi nailiyyətlərdən danışıb. Ermənistanın hərbi təcavüzünə toxunan səfir Azərbaycan xalqının dövlətimizin ərazi bütövlüyünün təmin olunması üçün cənab Prezident İlham Əliyevin ətrafında sıx birləşdiyini bildirib. Ramin Həsənov qeyd edib ki, xalqımızın 20 Yanvar şəhidlərini hər zaman qürur və ehtiramla anır, Azərbaycanın müstəqilliyi və suverenliyinin müdafiəsini şəhidlərin ruhu qarşısında özünün əsas mənəvi borcu hesab edir.

    Tədbirdə daha sonra Almaniyadakı Türk-Azərbaycan Birliyinin rəhbəri, Almaniya Bundestaqının keçmiş deputatı Hakkı Kəskin və şairə Şərifə Cəfəriyyə çıxış ediblər.

    Tədbir iştirakçıları 20 Yanvar hadisələrini nümayiş etdirən video-çarxları izləyiblər.

    Almaniyada yaşayan Azərbaycan diasporunun nümayəndələri, Almaniyanın elmi və ictimai dairələrinin təmsilçiləri, Almaniyada təhsil alan azərbaycanlı tələbələr və gənc tədqiqatçılar, səfirliyin əməkdaşları tədbirdə iştirak ediblər. Sonda şəhidlərin ruhuna ehsan süfrəsi verilib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi