Baş prokuror: "Azərbaycan ən çox terrordan əziyyət çəkən dövlətlərdən biridir"

Baş prokuror: "Azərbaycan ən çox terrordan əziyyət çəkən dövlətlərdən biridir" Beynəlxalq Prokurorlar Assosiasiyasının icraçı direktoru və Assosiasiyanın baş müşaviri Baş Prokurorluqda olub
Xarici siyasət
26 Aprel , 2016 16:27
Baş prokuror: Azərbaycan ən çox terrordan əziyyət çəkən dövlətlərdən biridir

Bakı. 26 aprel. REPORT.AZ/ Azərbaycanın baş prokuroru Zakir Qaralovun dəvəti ilə ölkəmizdə səfərdə olan Beynəlxalq Prokurorlar Assosiasiyasının icraçı direktoru Yanne Holst Hübner və Assosiasiyanın baş müşaviri Rasmus Vandal  Baş Prokurorluqda olub.

Bu barədə "Report"a Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib.

Qonaqları salamlayan baş prokuror dövlət başçısı İlham Əliyevin rəhbərliyi altında Azərbaycanda həyata keçirilən məhkəmə-hüquq islahatları, korrupsiyaya qarşı mübarizə sahəsində görülmüş qanunverici və institusional tədbirlər, o cümlədən “ASAN xidmət” mərkəzləri və baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin uğurlu fəaliyyətləri barədə ətraflı məlumat vermiş, Assosiasiya ilə səmərəli əməkdaşlıqdan məmnunluğunu bildirib.

Azərbaycan ən çox terrordan əziyyət çəkən dövlətlərdən biri olduğunu diqqətə çatdıran baş prokuror separatçı erməni hərbi birləşmələri tərəfindən beynəlxalq hüququn normaları pozularaq 25 ildən artıq müddət ərzində Azərbaycan ərazilərinin işğal altında saxlanılması, 1 milyondan artıq soydaşlarımızın öz doğma torpaqlarından didərgin salınaraq qaçqın və məcburi köçkünə çevrilməsi, işğal altında olan ərazilərdə bütün infrastruktur və mədəniyyət abidələrinin dağıdılması barədə geniş məlumat verib.

Görüşdə aprelin əvvəllərindən başlayaraq Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində erməni Silahlı Qüvvələrinin vəziyyəti gərginləşdirərək atəşkəs rejimini pozması nəticəsində cəbhəboyu ərazilərdə yaşayan mülki əhali arasında itkilərin olması və dinc əhalinin yüzlərlə mülkiyyətinin dağıdılması nəzərə çatdırılıb. 

Təmsil olunduqları qurumla Azərbaycan Prokurorluğu arasında sıx əməkdaşlıqdan məmnunluğunu ifadə edən qonaqlar Azərbaycanın Beynəlxalq Prokurorlar Assosiasiyasında təmsilçiliyinin fəallığı və təşəbbüskarlığı, qurumun fəaliyyətinə verdiyi mühüm töhfələr və görülən digər səmərəli tədbirləri yüksək qiymətləndirib.

Görüşdə hüquqi sahədə əməkdaşlıq üzrə faydalı fikir mübadiləsi aparılmış, qarşılıqlı səmərəli fəaliyyətin bundan sonra da uğurla davam etdiriləcəyinə əminlik ifadə olunmuşdur.

Daha sonra nümayəndə heyəti Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin inzibati binasında quruma fərdi üzv qəbul edilmiş gənc prokurorluq əməkdaşları ilə görüşmüş və onlara Assosiasiyanın üzvlük vəsiqələrini təqdim etmişlər.

Xanım Y.Hübner və cənab R.Vandalla görüş zamanı Beynəlxalq Prokurorlar Assosiasiyasının İcraiyyə Komitəsinin üzvü, baş prokurorun müavini - Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev Assosiasiyanın elektron səhifəsində rus versiyasının və Korrupsiyaya qarşı Mübarizə aparan Prokurorlar Şəbəkəsinin (NACP) səmərəli fəaliyyətinin təmin edilməsi və qarşılıqlı əməkdaşlığın səmərəliliyinin artırılması ilə əlaqədar fikir  mübadiləsi aparıb.

Səfər çərçivəsində qonaqlar milli memarlıq üslubunda və müasir standartlar səviyyəsində inşa edilmiş Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin inzibati binasında normativ-hüquqi aktlarla zəngin və digər dövlət qurumlarının elektron kitabxanalarına çıxışla təmin edilmiş kitabxana, müasir proqram təminatı ilə təchiz edilən 161 saylı “Qaynar xətt” əlaqə mərkəzi, dövlət orqanlarının məlumat bazalarına çıxışı olan informasiya-kommunikasiya şəbəkəsi və əməliyyatların idarə edilməsi mərkəzi ilə yaxından tanış olublar.

Nümayəndə heyətinin səfəri davam edir.

Son xəbərlər

Orphus sistemi