Yuxarı

Baş nazir: "Azərbaycan təkcə Gürcüstanın deyil, dünyanın enerji təhlükəsizliyində mühüm rol oynayır"

Azərbaycan Gürcüstanın enerji təchizatında birinci yerdədir

Tbilisi. 9 iyun. REPORT.AZ/ "Azərbaycan Gürcüstanın enerji təchizatında birinci yerdədir. Azərbaycan təkcə Gürcüstanın deyil, bütövlükdə isə dünyanın enerji təhlükəsizliyində mühüm rol oynayan ölkədir".

"Report"un Gürcüstan bürosunun məlumatına görə, bunu Gürcüstanın baş naziri Qeorqi Kvirikaşvili Tbilisidə keçirilən “Beynəlxalq energetika forumu: 2016”da deyib.

Forumda yeni geosiyasi mühitdə Cənubi Qafqazda həyata keçirilən enerji layihələri və enerji təhlükəsizliyi, regional təhlükəsizlik, Gürcüstanın bu layihələrdəki rolu, investisiya mühiti və digər məsələlər geniş müzakirə olunub.

Tədbirdə bildirilib ki, regionda Azərbaycanın, Gürcüstanın və Türkiyənin birgə iştirakı ilə həyata keçirilən layihələr təkcə bu ölkələrin deyil, Avropanın, Asiyanın, bütövlükdə isə dünyanın enerji təhlükəsizliyində böyük rol oynayır.

Q.Kvirikaşvili deyib ki, "Böyük İpək Yolu", bu günlərdə 20 illiyi geniş qeyd olunan “Bakı-Supsa” enerji dəhlizi Gürcüstanın enerji xəritəsinin əsasını qoyub: "Bakı-Tbilisi - Ceyhan neft, Bakı-Tbilisi-Ərzrum qaz kəmərləri, bu ilin sonuna istifadəyə verilməsi nəzərdə tutulan Bakı-Tbilisi-Qars dəmir yolu layihələri bizim inkişafımızın əsasını təşkil edir. “Cənubi Qafqaz qaz boru kəməri” və “Şah Dəniz” layihələri bizim enerji təhlükəsizliyimizi artırmaqla yanaşı, xalqlarımızın rifah halının yaxşılaşmasında da əsaslı rola malikdirlər. Bu layihələrə ümumilikdə 45 milyard dollara yaxın sərmayə qoyulacaq ki, bunun da 2 milyardı məhz Gürcüstan ərazisində yatırdılacaq".

Bu layihələrin reallaşdırılmasında Azərbaycanın rolunu xüsusi qeyd edən Q.Kvirikaşvili deyib: “Azərbaycan bizim enerji təminatımızda birinci yerdədir. Sərmayə qoyuluşunda da Azərbaycan birincilər sırasındadır”.

Baş nazir adları çəkilən layihələrin reallaşmasında ABŞ-ın rolunu da xüsusi qeyd edib, rəsmi Vaşinqtonu Gürcüstanın əsas strateji tərəfdaşlarından biri adlandırıb.

Forumda Cənubi Qafqazda sabitliyin və sülhün bərqərar olması məsələsinə də toxunulub.

Beynəlxalq tədbirdə ABŞ, Fransa, Türkiyə, Azərbaycan və digər dövlətlərin rəsmi şəxsləri, diplomatik korpusun nümayəndələri, beynəlxalq ekspertlər iştirak ediblər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi