Baş katib: "GUAM regionunda və onun ətrafında gərginliyin yüksəlməsi fonunda münaqişələrin nizamlanması indi daha aktual olub" - MÜSAHİBƏ

Baş katib: "GUAM regionunda və onun ətrafında gərginliyin yüksəlməsi fonunda münaqişələrin nizamlanması indi daha aktual olub" - MÜSAHİBƏ BMT Baş Assambleyasında GUAM ölkələrinin yeni qətnamə layihəsi üzərində iş gedir
Xarici siyasət
24 Fevral , 2016 10:53
Baş katib: GUAM regionunda və onun ətrafında gərginliyin yüksəlməsi fonunda münaqişələrin nizamlanması indi daha aktual olub - MÜSAHİBƏ

Bakı. 24 fevral. REPORT.AZ/ GUAM sədrliyi postunda Azərbaycanın əsas prioritetləri iqtisadi əməkdaşlıq və xüsusən də GUAM nəqliyyat-tranzit dəhlizinin inkişafı məsələləri olacaq. Eyni zamanda təşkilat daxilində mövcud olan münaqişələrə xüsusi diqqət ayrılacaq. Bu barədə Azərbaycana səfərinin yekunu olaraq "Report"a müsahibəsində təşkilatın baş katibi Altay Əfəndiyev bildirib.

GUAM sədrliyi postunda Azərbaycanın məqsəd və vəzifələri

Baş katib 2016-cı il üçün daha ətraflı məqsəd və vəzifələrin yaxın günlərdə razılaşdırılacağı gözlənilən proqramın təsdiqlənməsindən sonra təqdim ediləcəyini qeyd edib. Bununla yanaşı, o, Azərbaycanın təşkilatdakı sədrliyinin əsas istiqamətlərindən birinin GUAM nəqliyyat-tranzit dəhlizinin inkişafı olacağını vurğulayıb.

"Sədrliyin prioritetləri müəyyən edilib. Onlar milli maraqlar və regionda hökm sürən real vəziyyət əsasında formalaşıb. Bunların arasında nəqliyyat məsələlərinin, GUAM nəqliyyat dəhlizinin konsepsiyasının praktik həllinin olması təbiidir. Nəqliyyat istiqamətindən başqa, ticarət və iqtisadi əməkdaşlığın inkişafı məsələləri ilə də məşğul olacağıq. Bizim GUAM azad ticarət zonası haqqında razılaşmamız var. Onu həyata keçirməliyik. Mühüm istiqamətlərdən biri də turizmdir. Biz ona GUAM mədəniyyət dəhlizinin bir hissəsi kimi böyük əhəmiyyət veririk", - deyə A.Əfəndiyev bildirib.

O, həmçinin xatırladıb ki, Azərbaycan GUAM sədrliyi ilə yanaşı, energetika, rabitə və İKT üzrə işçi qrupun, qanunsuz narkotik ticarəti və mütəşəkkil cinayətkarlığa qarşı mübarizə üzrə işçi qrupu çərçivəsində terrorçuluğa qarşı mübarizə üzrə alt işçi qrupun koordinatoru, eləcə də GUAM Parlament Assambleyasının sədridir.

Katibliyin rolu barədə danışan baş katib onun məqsəd və funksiyalarının koordinasiyanın təmin edilməsi, sədrin məqsəd və proqramlarının, digər üzv ölkələrin təşəbbüslərinin həyata keçirilməsinə yardım etməkdən ibarət olduğunu vurğulayıb.

"Biz GUAM-ın bütün üzv ölkələrinə, ilk növbədə də sədrə təşkilati və ekspert dəstəyi veririrk. Katiblik olaraq GUAM ölkələrinin ideya və təşəbbüslərini praktiki təlimat dilinə çevirməli və tərəfdaşlarımızın, beynəlxalq təşkilatların mümkün iştirakı ilə onların həyata keçirilməsinə yardım etməliyik", - deyə A.Əfəndiyev bildirib.

Baş katib kimi qısamüddətli prioritetləri barədə danışan A.Əfəndiyev ilk növbədə katibliyin fəaliyyət bacarığının, onun peşəkar səviyyəsinin artırılmasına çalışacaqlarını qeyd edib.

Dağlıq Qarabağ və GUAM-ın həll olunmamış münaqişələri

A. Əfəndiyev GUAM məkanında həll olunmamış münaqişələr məsələsinin təşkilatın gündəmində dayanan prioritetlərdən biri olduğunu və bunları diqqət mərkəzində saxladıqlarını bildirib: "GUAM üzvlərinin hamısının eyni problemi var - xarici təcavüz, işğal, anneksiya (başqasının ərazisini zorla özünə birləşdirmə - R.), separatçı qüvvələrin hərbi əməliyyatları nəticəsində ərazi bütövlüyü və suverenliyin pozulması. Bütün üzv dövlətlər üçün bu problem ən vacibdir. Biz də bu problemlərə dünya ictimaiyyətinin diqqətini cəlb etmək üçün GUAM formatında bütün mövcud imkanlardan, müxtəlif beynəlxalq meydanlardan və forumlardan istifadə edirik və edəcəyik də".

Baş katibin fikrincə, GUAM regionunda və onun ətrafında gərginliyin yüksəlməsi fonunda münaqişələrin nizamlanması indi daha aktual olub.

"Bu vəziyyətdə dörd ölkənin səsi daha güclü, daha əhəmiyyətlidir. Buna görə də GUAM məkanında həlli uzanan münaqişələr üzrə qətnamə layihəsini BMT Baş Assambleyasına çıxarmaq və onun sponsorlarının əhatə dairəsinin artırılması təcrübəsini davam etdirəcəyik. Eyni zamanda GUAM Parlament Assambleyasının forumlarında tərəfdaş Baltikyanı ölkələrinin, Vişeqrad qrupu ölkələrinin parlamentariləriylə birgə müvafiq qətnamələr qəbul edəcək, yeni təşəbbüslər irəli sürəcəyik", - deyə A.Əfəndiyev bildirib.

Baş katibin sözlərinə görə, hazırda cari ilin sentyabr ayında Nyu-Yorkda keçirilməsi planlaşdırılan və silahlı münaqişə nəticəsində qaçqın və məcburi köçkün düşənlərin probleminə həsr olunacaq Qlobal Humanitar Sammit çərçivəsində GUAM ölkələrinin birgə aksiya təşkil etmək məsələsi nəzərdən keçirilir. O qeyd edib ki, bu, GUAM ölkələrinin hamısı üçün çox aktual məsələdir və belə bir forum bu məsələ ilə bağlı növbəti dəfə dünya ictimaiyyətini məlumatlandırmağa yaxşı imkandır.

Üzv ölkələrin ərazilərindəki münaqişələrlə bağlı GUAM ölkələrinin mövqelərindəki bəzi uyğunsuzluqlarla əlaqədar sualı cavablandıran A.Əfəndiyev vurğulayıb ki, ayrı-ayrı illərdə siyasi konyukturanın təsiri altında bəzi ölkələrdə müəyyən uyğunsuzluq olub. Baş katib eyni zamanda qeyd edib ki, söhbət prinsipial mövqedən çəkilməkdən getmir: "GUAM ölkələrinin hamısının beynəlxalq səviyyədə tanınmış sərhədlər çərçivəsində ərazi bütövlüyü və suverenlik məsələsindəki mövqeyi möhkəmdir və dəyişməz olaraq qalır".

Onun sözlərinə görə, bundan sonra da gücləri birləşdirmək və vahid GUAM mövqeyindən çıxış etmək lazımdır: "Hamımız - bütün üzv ölkələr beynəlxalq səviyyədə tanınmış sərhədlər çərçivəsində GUAM ölkələrinin ərazi bütövlüyü və suverenliyini sözsüz qəbul edirik. Bu mövqeyi birgə və müntəzəm qorumağımız və beynəlxalq tərəfdaşlarla əlaqələrdə onu müdafiə etməyimiz çox vacibdir".

Baş katib vurğulayıb ki, hazırda BMT Baş Assambleyasında GUAM ölkələrinin yeni qətnamə layihəsi üzərində iş gedir. A.Əfəndiyev GUAM ölkələrindəki münaqişələrin yalnız regionda deyil, ondan kənarda da sabitliyi pozan çox ciddi amil olduğunu söyləyib. "Hesab edirik ki, xüsusən regionda baş verən son olaylardan sonra beynəlxalq ictimaiyyət bu problemlərin ən qısa zamanda həll edilməsinin zəruriliyinə dair daha çox anlayış göstərər", - deyə o əlavə edib.

Onun sözlərinə görə, bu sahədə GUAM-ın təşəbbüslərinin məqsədi birgə hərəkətlər vasitəsilə beynəlxalq ictimaiyyətin hərəkətə gətirilməsi, onun ATƏT-in Minsk qrupu çərçivəsində aparılan danışıqlar prosesinə daha fəal cəlb edilməsidir. Baş katib təəssüflə bildirib ki, hazırda Minsk qrupu çərçivəsində aparılan danışıqlar "yerində sayır".

"Daha güclü impuls, nizamlanmanın baza prinsiplərinə daha çox əməl etmək lazımdır. Hüquqi baza var, Təhlükəsizlik Şurasının qətnamələri var və beynəlxalq ictimaiyyət münaqişələrin məhz bu hüquqi sahə çərçivəsində həll edilməsinə səy göstərməlidir", - deyə A.Əfəndiyev bildirib.

Nəqliyyat dəhlizi - GUAM-ın onurğa sütunudur

Baş katib GUAM çərçivəsində iqtisadi əməkdaşlığın əsas istiqamətlərinin dörd əsas konsepsiyaya əsaslandığını deyib. Bunlar nəqliyyat dəhlizi, enerji dəhlizi, turizm, humanitar məsələlər, təhsil və digər məsələlərin daxil olduğu mədəniyyət dəhlizi və azad ticarət zonasının yaradılmasıdır.

"Bu, əməkdaşlıq üçün çox böyük imkanlar yaradır. Elə təkcə nəqliyyat dəhlizi ölkələr arasında sıx koordinasiya, həm ayrı-ayrı ölkələr daxilində, həm də region miqyasında bir çox orqanların qarşılıqlı anlaşmasını tələb edir. Bu, müvafiq nəqliyyat infrastrukturunun yaradılmasıdır, gömrük və sərhəd xidmətlərinin əməkdaşlığıdır, bütün nəqliyyat növlərindən istifadə olunan multimodal daşınmalardır, qanunverici və normativ-hüquqi bazanın uyğunlaşdırılmasıdır, vahid tarif siyasətinin həyata keçirilməsidir və s.", - deyə A.Əfəndiyev bildirib.

Baş katib təşkilat çərçivəsində "GUAM-Tranzit-2" layihəsinin razılaşdırıldığını və qəbul edildiyini, sadəcə, onun hələ real məzmunla zənginləşdirilməli olduğunu qeyd edib. O, yaxın gələcəkdə yeni konkret layihələrin olacağına əminliyini ifadə edib.

"İrəli getmək istəmirəm, amma əminəm ki, GUAM çərçivəsində əməkdaşlığın nəqliyyat komponenti həm cari sədrlik dövründə, həm də növbəti illərdə həlledici olacaq. Obrazlı desək, nəqliyyat dəhlizi GUAM-ın onurğa sütunudur. O, regionun iqtisadi profilini, beynəlxalq iqtisadi münasibətlərdə, beynəlxalq əmək bölgüsündə onun yerini, ixtisaslaşma istiqamətini müəyyən edəcək. Fikrimcə, bu dəhlizin fasiləsiz işləməsi perspektivdə regionda neft və qaz istehsalından daha vacib olacaq. Belə ki, nəqliyyat dəhlizi işə düşsə, o, marşrut kimi dayanıqlı olub təsdiqlənsə, onun fasiləsiz və təhlükəsiz fəaliyyətində bütün iri beynəlxalq oyunçular maraqlı olacaq", - deyə A.Əfəndiyev qeyd edib.

Enerji dəhlizindən danışarkən o bildirib ki, gələcəkdə Orta Asiya ölkələrindən enerji ehtiyatlarının daşınması mümkündür. Baş katibin sözlərinə görə, belədə Azərbaycan ehtiyatların GUAM ölkələrinə, Avropaya çatdırılmasında vacib bəndə çevriləcək.

Böyük İpək Yolu layihəsində GUAM-ın rolu

"Böyük İpək Yolu - çox böyük layihədir və onun hər birinin yaşamaq haqqı olan çoxlu marşrutu ola bilər. Burada vacib sual ondan ibarətdir ki, marşrutlardan hansı daha cəlbedici, daha rəqabətqabiliyyətli, həm iqtisadi müştərilər, həm turistlər, həm də maraqlananların hamısı üçün daha maraqlıdır", - deyə A.Əfəndiyev GUAM-ın layihədə mümkün iştirakı barədə danışarkən deyib.

Baş katibin fikrincə, GUAM nəqliyyat dəhlizi Avropanın iqtisadi cəhətdən ən inkişaf etmiş hissəsini Mərkəzi Asiya, Uzaq Şərq və Cənub-Şərqi Asiya ölkələri ilə birləşdirən Böyük İpək Yolunun ən vacib tərkib hissələrindən biri və həlledici həlqəsi ola bilər.

GUAM baş katibi GUAM nəqliyyat layihələri və Böyük İpək Yolu arasında heç bir ziddiyyət olmadığına əminliyini ifadə edib. "Əminəm ki, layihəyə cəlb edilən ölkələr, onun təşəbbüskarları GUAM ilə sıx əməkdaşlıqda maraqlı olacaq. Bu böyük yolda GUAM-ın payına düşən seqmentin tələbatlı olacağını təbii hesab edirəm. Bizim işimiz onu işlək və rəqabətə dözümlü hala gətirməkdir", - deyə o əlavə edib.

GUAM-ın digər ölkələrlə əməkdaşlıq perspektivləri

A.Əfəndiyevin sözlərinə görə, GUAM təşkilata daxil olan ölkələrin beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyü və suverenliyinə hörmətlə yanaşan, GUAM-ın məqsəd və vəzifələrini bölüşən, eləcə də səmimi olaraq əməkdaşlıq etməyə hazır olanların hər biri ilə əməkdaşlıq etməyə hazırdır.

"Bizdə GUAM formatından başqa, GUAM+ əməkdaşlıq formatı da var. Bu format çərçivəsində bir sıra ölkələrlə, o cümlədən coğrafi cəhətdən regiondan uzaqda yerləşən təşkilatlarla fəal işləyirik. Məsələn, Yaponiya təşkilatın strukturuna böyük maraq göstərir, biz ABŞ ilə əməkdaşlıq edirik. Vişeqrad qrupu ölkələri, Baltikyanı ölkələr ilə dialoqu inkişaf etdiririk. Təşkilatımıza Qara dəniz hövzəsi ölkələri tərəfindən böyük maraq var. Həmçinin Avropa İttifaqı ilə əlaqələri inkişaf etdirməyi planlaşdırırıq. Regionda mühüm rol oynayan nüfuzlu təşkilat kimi inkişaf edib, özümüzü təsdiqlədikcə bizə maraq artacaq. Yaxın gələcəkdə Ümumdünya Turizm Təşkilatı ilə də əməkdaşlıq etmək niyyətindəyik", - deyə A.Əfəndiyev vurğulayıb.

Onun sözlərinə görə, GUAM kiməsə qarşı yönəlməyib, təşkilatın siyasi əməkdaşlığı isə beynəlxalq iqtisadi əməkdaşlıq və investisiya üçün cəlbedici olan təhlükəsiz və sabit GUAM zonası formalaşdırmağa yönəlib.

Son xəbərlər

Orphus sistemi