Bakının işğaldan azad edilməsinin 97-ci ildönümü Budapeştdə qeyd olunub

Bakının işğaldan azad edilməsinin 97-ci ildönümü Budapeştdə qeyd olunub Bu münasibətlə “Torpaq, əgər uğrunda ölən varsa Vətəndir” sənədli filmi nümayiş etdirilib
Xarici siyasət
16 Sentyabr , 2015 21:10
Bakının işğaldan azad edilməsinin 97-ci ildönümü Budapeştdə qeyd olunub

Bakı. 16 sentyabr. REPORT.AZ/ Azərbaycanın və Türkiyənin Macarıstandakı səfirliklərinin birgə təşəbbüsü ilə Bakının işğaldan azad edilməsinin 97-ci ildönümü Budapeştdə qeyd olunub. Azərbaycanın Macarıstandakı səfirliyindən "Report"a verilən məlumata görə, bu münasibətlə Macarıstan paytaxtında fəaliyyət göstərən Yunis İmrə Türk Kültürü İnstitutunda anım mərasimi keçirilib.

Türk və Azərbaycan diasporu nümayəndələrinin, diplomatik korpus və macar ictimaiyyəti təmsilçilərinin iştirakı ilə təşkil olunan anma mərasimində Azərbaycanın və Türkiyənin Macarıstandakı səfirləri Vilayət Quliyev və Şakir Fakılı çıxış ediblər. Onlar I Dünya müharibəsindən sonra yeni mərhələyə qədəm qoyan Azərbaycan-türk birliyi və qardaşlığının hər iki xalqın milli müstəqillik mübarizəsinə, öz tarixi torpaqlarını və dəyərlərini qoruması işinə mühüm töhfə verdiyini vurğulayıblar.

Sonra “Yeni Yurd” İctimai Birliyinin sifarişi ilə çəkilən “Torpaq, əgər uğrunda ölən varsa Vətəndir” sənədli filmi nümayiş etdirilib. Tarixi Çanaqqala savaşından tutmuş Bakının erməni-bolşevik işğalından azad edilməsinə qədərki üç il yarımlıq hadisələrlə zəngin bir dövrü əhatə edən bu sənədli filmdə hərb meydanlarında daha da möhkəmlənən və milli idealların təntənəsinə xidmət edən Azərbaycan-türk qardaşlığı tarixi sənədlər əsasında müasirliklə səsləşən tərzdə öz əksini tapıb.

Tədbirdə iştirak edən “Yeni Yurd” İctimai Birliyinin sədri Mahirə Əsədova, idarə heyətinin üzvü Asif Rüstəmli, “Torpaq, əgər uğrunda ölən varsa Vətəndir” filminin ssenari müəllifi, əməkdar jurnalist Zərnişan Azayeva çıxışlarında film üzərindəki işlərindən, XX əsrin əvvəllərindəki Azərbaycan-Türkiyə dostluğu barədə sənədli film çəkilməsi barədə yeni planlarından danışıblar.

Azərbaycan mədəniyyətini Macarıstanda yüksək səviyyədə təbliğ etdiklərinə görə Budapeştdəki Yunis Əmrə Türk Mədəniyyəti İnstitutunun direktoru Yaqub Gülə və azərbaycanşünas-alim, klassik və müasir Azərbaycan ədəbiyyatının tədqiqatçısı, tərcüməçi, ELTE universitetinin müəllimi Mariya Keneşiyə tədbirdə mükafatlar təqdim edilib.

Son xəbərlər

Orphus sistemi