“Vişeqrad qrupu ölkələrində Azərbaycandan olan tələbələrin sayı ildən-ilə artır”.
“Report” xəbər verir ki, bu barədə Bakıda keçirilən “Vişeqrad qrupunun ölkələri və Azərbaycan” mövzusunda beynəlxalq seminarda bildirilib.
Seminarda ölkədə akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, yerli və xarici ekspertlər iştirak edirlər.
Tədbirin açılışında çıxış edən Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) İdarə Heyətinin sədri Fərid Şəfiyev Vişeqrad dördlüyü ölkələrində Azərbaycandan olan tələbələrin sayının ildən-ilə artdığını qeyd edib. "Xüsusən də Çex Respublikası və Polşada təhsil alan tələbələrin sayında artım müşahidə olunur", - o qeyd edib.
F.Şəfiyev vurğulayıb ki, Azərbaycan Vişeqrad qrupunun bütün ölkələri ilə strateji tərəfdaşlıq münasibətlərini saxlayır.
"Cənubi Qafqaz və Şərqi Avropa arasında tarixən möhkəm əlaqələr mövcud olub", - o əlavə edib.
Seminarda Rusiyanın Ukraynada apardığı müharibə fonunda yaranmış enerji böhranı ilə bağlı problemlər və onların həlli yolları, həmçinin Vişeqrad dördlüyü ölkələri, eləcə də Azərbaycan üçün gələcək texnoloji transformasiyanın çağırışları müzakirə olunacaq.