Bakıda V Qlobal Forum başlayıb - ƏLAVƏ OLUNUB

Bakıda V Qlobal Forum başlayıb - ƏLAVƏ OLUNUB Forumda 7 panel üzrə müzakirələr keçiriləcək
Xarici siyasət
16 Mart , 2017 10:00
Bakıda V Qlobal Forum başlayıb - ƏLAVƏ OLUNUB
Azertag.az

Bakı. 16 mart. REPORT.AZ/ Martın 16-da Azərbaycanın paytaxtında V Qlobal Bakı Forumunun rəsmi açılışı olub.

"Report" xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “Beynəlxalq münasibətlərin gələcəyi: güc və maraqlar” mövzusuna həsr olunan Forumun açılış mərasimində iştirak ediblər.

Beşinci Qlobal Bakı Forumunda 53 ölkədən 300-dək nümayəndə, o cümlədən müasir dünya siyasətinin yönləndirilməsində, bir çox regional proseslərin qiymətləndirilməsində mühüm rolu olan çox nüfuzlu dövlət xadimləri, siyasətçilər, elm adamları, siyasi ekspertlər iştirak edirlər.

Forumun nüfuzlu qonaqları arasında Latviya Prezidenti Raymonds Veyonis, Makedoniya Prezidenti Georgi İvanov, Albaniya Prezidenti Buyar Nişani, Monteneqro Prezidenti Filip Vuyanoviç, Gürcüstan Prezidenti Giorgi Marqvelaşvili, Səudiyyə Ərəbistanı Şahzadəsi, Kral Faysal Araşdırma və İslami Çalışmalar Mərkəzinin sədri Turki əl-Faysal da var. İki gün davam edəcək forum Azərbaycan həqiqətlərinin təbliğində və ölkəmizə yeni dostlar qazandırmaqda, lobbi quruculuğunda əhəmiyyətli rola malikdir. Qlobal Bakı Forumu Azərbaycanı tanıtmaq, ölkəmizlə bağlı həqiqətləri dünyaya çatdırmaq üçün çox mühüm və əlverişli platformadır.

Misirin İsgəndəriyyə Kitabxanasının direktoru, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmail Serageldin Prezident İlham Əliyevə bu foruma ev sahibliyi etdiyinə görə təşəkkürünü bildirib və sözü dövlət başçısına verib.

Azərbaycan Prezidenti İlham Əliyev beşinci dəfədir keçirilən forumun artıq qlobal beynəlxalq təsisata çevrildiyini, budəfəki tədbirdə 50-dən çox ölkədən nümayəndələrin iştirak etdiyini deyib, onların arasında hazırkı və sabiq prezidentlərin, vitse-prezidentlərin, baş nazirlərin və parlament sədrlərinin olduğunu bildirib. 

Son illərdə Azərbaycanın bir sıra beynəlxalq tədbirlərə uğurla ev sahibliyi etdiyini deyən Prezident İlham Əliyev bu cür tədbirlərin ölkəmizi beynəlxalq aləmə təqdim etmək üçün bir vasitə olduğunu diqqətə çatdırıb. Azərbaycanın yerləşdiyi regionda sabitləşdirici rol oynadığını, təəssüflər ki, bu vəziyyətin dünyanın bir çox bölgələrində müşahidə edilmədiyini deyən dövlət başçısı bir çox regionlardakı gərginliklərə, münaqişələrə, miqrant böhranına diqqət çəkib, cəmiyyətlər daxilində baş verən qarşıdurmaların təhlükəli hal aldığını vurğulayıb.

Çıxışında diqqəti Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə yönəldən Prezident İlham Əliyev 20 ildən çoxdur Dağlıq Qarabağ və ətrafındakı 7 rayonun Ermənistan tərəfindən işğal olunduğunu, həmin ərazilərdəki bütün infrastrukturun və tarixi irsin dağıdıldığını, bir milyondan çox insanın qaçqın və məcburi köçkünə çevrildiyini bildirib. Beynəlxalq təşkilatların qərar və qətnamələrinə baxmayaraq, münaqişənin hələ də həll olunmadığını, Ermənistanın həmin qərarlara məhəl qoymadığını deyən Prezident İlham Əliyev ölkəmizin bir çox hallarda ikili standartlardan əziyyət çəkdiyini, bu münaqişənin regionda sülhə və təhlükəsizliyə ciddi təhdid olduğunu, status-kvonun dəyişilməsinin vacibliyini qeyd edib.

Bütün çətinliklərə baxmayaraq, Azərbaycanın inkişaf etdiyini, iqtisadi göstəricilərimizin artdığını, geniş regional inkişaf proqramlarının icra olunduğunu, işsizliyin və yoxsulluğun dəfələrlə aşağı salındığını deyən Prezident İlham Əliyev ölkəmizin regional və beynəlxalq mövqelərinin çox güclü olduğunu bildirib, həm qonşularla, həm də Avropa İttifaqına üzv ölkələrlə yaxşı əməkdaşlıq əlaqələrinin qurulduğunu vurğulayıb.

Ötən ay Avropa İttifaqı ilə strateji tərəfdaşlığı nəzərdə tutan yeni saziş üzərində başlanan danışıqların əhəmiyyətindən danışan dövlət başçısı bildirib ki, bir müddət öncə Amerika və Rusiya baş qərargah rəislərinin Bakıda görüşməsi bir daha onu göstərir ki, ölkəmizə hörmətlə yanaşılır və Azərbaycanın müstəqil siyasət yürütməsi artıq reallıqdır. Ölkəmizin dünyanı təhdid edən təhlükələrə qarşı mübarizə apardığını, sülhməramlı təşəbbüslərə töhfə verdiyini deyən Prezident İlham Əliyev Azərbaycanın icrasında mühüm rol oynadığı qlobal əhəmiyyətli layihələrdən danışıb, Bakı-Tbilisi-Qars dəmir yolu, Şərq-Qərb, Şimal-Cənub nəqliyyat dəhlizlərinin və ümumi dəyəri 40 milyard dollar olan “Cənub Qaz Dəhlizi” layihəsinin əhəmiyyətini vurğulayıb.

“Azərbaycan mədəniyyətlərarası və sivilizasiyalararası dialoqa sərmayə qoyur”, - deyən dövlətimizin başçısı ölkəmizin mədəniyyətlərarası dialoqa böyük əhəmiyyət verdiyini, malik olduğumuz tolerantlıq və multikulturalizm ənənələrinin Azərbaycanı bu prosesin mərkəzinə çevirdiyini diqqətə çatdırıb.

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri Vayra Vike-Freyberqa beşinci dəfə keçirilən bu Foruma verdiyi dəstəyə görə Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlıq etdi. Hər il Forumun sıralarının genişləndiyini, Bakının getdikcə daha da inkişaf etdiyini və bunun qonaqların diqqətindən yayınmadığını deyən Vayra Vike-Freyberqa Forumun budəfəki mövzusunun beynəlxalq hüququn və beynəlxalq balansın əldə olunması istiqamətində görülən tədbirlərə bir töhfə olacağına əminliyini ifadə edib, bu prosesin daha da sürətləndirilməsinin əhəmiyyətini vurğulayıb. Azərbaycanın regional əhəmiyyətini, güclü enerji və nəqliyyat potensialına malik olduğunu qeyd edən Vayra Vike-Freyberqa Forumun uğurla keçəcəyinə, maraqlı fikir mübadilələrinin aparılacağına əminliyini bildirib.

İtaliyanın Azərbaycandakı səfiri Ciampaolo Kutillo İtaliya Respublikasının Prezidenti Sergio Mattarellanın müraciətini Forum iştirakçılarına çatdırıb. Sergio Mattarella müraciətində beynəlxalq icmanın üzləşdiyi problemlərin müzakirə olunduğu Forumun əhəmiyyətini vurğulayır, mədəniyyətlərarası dialoqun və fundamental azadlıqların beynəlxalq icmanın əsas öhdəliyinə çevrilməsinin vacibliyini diqqətə çatdırır, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tərəfindən irəli sürülən təşəbbüslərin əməkdaşlığı daha da möhkəmləndirməyə xidmət etdiyini bildirir.

Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycandakı müvəqqəti işlər vəkili Stefan Makkornak isə Krallığın Baş naziri Tereza Meyin müraciətini səsləndirib. Baş nazir Tereza Mey də beşinci dəfə keçirilən bu Foruma göstərdiyi dəstəyə görə Azərbaycana təşəkkür edir. Bu il Azərbaycan ilə Birləşmiş Krallıq arasında diplomatik münasibətlərin qurulmasının 25 ilinin tamam olduğunu, bu illər ərzində ölkələrimiz arasında məhsuldar əlaqələrin fomalaşdığını, səmərəli əməkdaşlığın davam etdiyini vurğulayan Tereza Mey Forumun dünyanın üzləşdiyi çətinlikləri dəf etməkdə mühüm rol oynadığını bildirir.

Misirin İsgəndəriyyə Kitabxanasının direktoru, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmail Serageldin dünyada gərgin siyasi proseslərin getdiyini, münaqişələrin və toqquşmaların davam etdiyini bildirib və bu problemlərdən çıxış yolu kimi Forum çərçivəsində aparılan müzakirələrin səmərəli olacağına əminliyini söyləyib. O, Forumun işinə verdiyi güclü dəstəyə görə bir daha Prezident İlham Əliyevə təşəkkür edib.

Son xəbərlər

Orphus sistemi