Bakıda "Soyqırımlara son" adlı beynəlxalq konfrans başlayıb

Bakıda "Soyqırımlara son" adlı beynəlxalq konfrans başlayıb Konfransda Azərbaycanla yanaşı, Gürcüstan, Moldova, Özbəkistan, Türkiyə və İrandan olan elm adamları, ekspertlər iştirak edir
Xarici siyasət
31 Mart , 2016 12:51
Bakıda Soyqırımlara son adlı beynəlxalq konfrans başlayıb

Bakı. 31 mart. REPORT.AZ/ Bu gün Bakıda Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə "Soyqırımlara son" adlı beynəlxalq konfrans başlayıb.

"Report" xəbər verir ki, konfransda Azərbaycanla yanaşı, Gürcüstan, Moldova, Özbəkistan, Türkiyə və İrandan olan elm adamları, ekspertlər iştirak edir.

Konfransı giriş sözü ilə açan gənclər və idman nazirinin müavini İntiqam Babayev bildirib ki, beynəlxalq konfransın keçirilməsində məqsəd Azərbaycanda və bütün dünyada baş verən soyqırım hadisələrini yerli və beynəlxalq ekspertlərlə birgə müzakirə etmək və gənc nəslin diqqətinə çatdırmaqdır. O bildirib ki, yaşadığımız dövrdə də bütün dünyada qeyri-stabil mühit formalaşıb: "Zaman ötdükcə görürük ki, vəziyyət stabilləşmək əvəzinə qaynar nöqtələrin sayı daha da artır. Müxtəlif ölkələrdə hansısa siyasi qüvvələrin öz maraqları çərçivəsində apardıqları siyasət nəticəsində millətlərə qarşı etnik, irqi, dini təmizləmələr və soyqrımlar həyata keçirilir. Dünyada baş qaldıran siyasi və iqtisadi problemlər müharibələrlə başa çatır".

Onun sözlərinə görə, soyqırımın müzakirəsi, araşdırılması yalnız tarix məsələsi deyil: "Bu hadisələri öyrənmək və düzgün şəkildə gələcək nəslə çatdırmaq üçün istər alimlərin, istəsə də dövlət qurumlarının üzərinə vəzifə düşür".

Tədbir iki paneldə müzakirələrlə davam etdirilib.

"Soyqırımların tarixi və soyqırımlara qarşı mübarizənin hüquqi aspektləri. Beynəlxalq cinayət ədalət məhkəməsi və soyqırım" və "Soyqırımların dünya xalqlarının tarixində və dünyanın siyasi xəritəsində buraxdığı izlər. Tolerantlıq və multikulturalizm soyqırıma əks təsir faktoru kimi" mövzularında müzakirələr aparııb.

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İctimi-siyasi məsələlər şöbəsinin böyük məsləhətçisi Məhsəti Əliyeva bildirib ki, xalqımızın tarixində çətin və əzablı dövürlər çox olub, lakin heç bir zaman ümidsüzlüyə qapılmayıb və insanpərvərliyini itirməyib: "Azərbaycan xalqı dəfələrlə işğala və soyqırımlara məruz qalıb, tarixi ərazilərini itirib. Xalqımız zamanla məqsədli şəkildə unutqanlaşdırılıb".

AMEA Tarix İnstitutunun baş elmi işçisi Vasif Qafarov 1918-ci ilin mart soyqırımı ilə bağlı bəzi faktları diqqətə çatdırıb: "Azərbaycanda 3 gün - 31 mart-2 aprel tarixlərində təkcə Bakıda 12 min türk-müsəlman qətlə yetirilib. Həmin dövrün qiymətləri ilə təkcə Bakıda türk-müəlman əhaliyə 1,2 milyard rubl dəyərində maddi zərər vurulub. Soyqırım Azərbaycanın bütün bölgələrində baş verib. Şamaxı əhalisinin 50 faizi öldürülüb. Azərbaycanın bölgələrində yüzlərlə günahsız həmvətənimiz qətlə yetirilib".

Qeyd edək ki, konfrans iki gün davam edəcək. Aprelin 1-də beynəlxalq tədbirin iştirakçıları Quba rayonunda yerləşən Soyqırım Memorial Kompleksi ilə tanış olacaqlar.

Son xəbərlər

Orphus sistemi