Bakıda Macarıstan səfirliyinin viza mərkəzi açılıb

Bakıda Macarıstan səfirliyinin viza mərkəzi açılıb Səfir: "Mərkəzin açılışı Azərbaycan vətəndaşları üçün viza alınması prosesini sadələşdirəcək"
Xarici siyasət
22 Yanvar , 2016 14:47
Bakıda Macarıstan səfirliyinin viza mərkəzi açılıb

Bakı. 22 Yanvar. REPORT.AZ/ Bakıda Macarıstanın Azərbaycandakı səfirliyinin viza mərkəzinin açılışı olub.

"Report"un məlumatına görə, tədbirdə çıxış edən Macarıstanın Azərbaycandakı səfiri İmre Laslotski ölkələr arasındakı münasibətlərin möhkəmləndirilməsi üçün insanlar arasında əlaqələrin aktivləşdirilməsinin zəruriliyini qeyd edib. Onun sözlərinə görə, bu baxımdan viza mərkəzinin açılışı Azərbaycan vətəndaşları üçün viza alınması prosesini sadələşdirəcək. Səfir vurğulayıb ki, Budapeşt-Bakı marşrutu üzrə "WizzAir" reyslərinin açılması da bu məqsədə nail olmaq üçündür.

BLS şirkətinin nümayəndəsi Şaylaj Bontial isə çıxışı zamanı Bakıda belə bir mərkəz açmağın təmsil etdiyi şirkət üçün böyük şərəf olduğunu bildirib. O deyib ki, mərkəz müştərilərə keyfiyyətli xidmət göstərəcək.

Ardından səfir və şirkət nümayəndəsi rəmzi qırmızı lenti kəsib.

Qeyd edək ki, viza mərkəzi "BLS International" beynəlxalq şirkəti tərəfindən açılıb və "Dalğa Plaza" ofis mərkəzində yerləşir. Mərkəz Azərbaycan vətəndaşlarına Macarıstana getmək üçün asan şəkildə viza əldə etməyi təmin edəcək. Vətəndaşların qəbulu isə növbəliliyin tənzimlənməsi sistemi əsasında həyata keçiriləcək. Sənədlərin qəbulu və viza verilməsi bazar ertəsi, çərşənbə axşamı, çərşənbə və cümə günləri olacaq. Səfirin sözlərinə görə, xidmət haqqı 29 avro təşkil edəcək.

Son xəbərlər

Orphus sistemi