Bakıda islamofobiya ilə mübarizəyə həsr olunmuş beynəlxalq konfrans çərçivəsində "Qərb mədəniyyətlərində müsəlmanlarla bağlı konspiroloji nəzəriyyələr: Böyük yerdəyişmə nəzəriyyəsi" mövzusunda panel müzakirəsi keçirilib.
“Report” xəbər verir ki, Sivilizasiyaların Mübadiləsi və Əməkdaşlığı Fondunun (ABŞ) təsisçisi və prezidenti Məhəmməd Bəşər Ərəfat bu gün dünyanın Ukraynadakı müharibə, Çin və ABŞ arasındakı gərginlik, eləcə də regional dövlətlərin maraqlarının toqquşması kimi bir çox problemlərlə üz-üzə qaldığını bildirib.
Notr-Dam Universitetinin (ABŞ) nümayəndəsi İbrahim Musa isə konspiroloji nəzəriyyələrin həmişə mövcud olduğunu qeyd edib: "Pandemiya zamanı peyvəndlərlə bağlı, bir müddət öncə isə Türkiyə və Suriyada baş vermiş zəlzələlərlə bağlı oxşar nəzəriyyələr meydana gəlmişdi".
Professorun sözlərinə görə, konspiroloji nəzəriyyələr ilə mübarizə aparmaq üçün müvafiq biliyə və etibarlı faktlara malik olmaq lazımdır.
Corctaun Universitetinin Əl-Valid Müsəlman-Xristian Anlaşma Mərkəzinin baş elmi işçisi Arsalan İftixar da öz növbəsində qeyd edib ki, bir çox ölkələrdə müsəlmanların Şərqdən Qərbə gələcəkləri və onların cəmiyyətdəki yerlərini tutacağı ilə bağlı yanlış bir nəzəriyyə mövcuddur: “İnsanlar bəzən islamofobiya ilə antisemitizm arasında əlaqəni görmürlər”.
Niderlanddan olan müstəqil tədqiqatçı İneke van der Valkın fikrincə, islamofobiya irqçiliyin təzahürlərindən biridir, Qərb cəmiyyətində isə bir çox yanlış stereotiplər kök salıb: “Qərbdə islam və islamlaşma çox vaxt qəddarlıq və Qərbi özlərinə uyğun dəyişmək istəyi ilə assosiasiya olunur”.




