Yuxarı

​Bakıda İsrail dövlətinin yaranması münasibətilə rəsmi qəbul təşkil edilib

Səfir: İsrail və Azərbaycan unikal əlaqələri bölüşürlər

Bakı. 18 may. REPORT.AZ/ Bakıda İsrail dövlətinin yaranması münasibətilə rəsmi qəbul təşkil edilib. "Report"un məlumatına görə, tədbir iki dövlətinin himnlərinin səsləndirilməsi ilə başlayıb.

İsrailin Azərbaycandakı səfiri Dan Stav çıxışında deyib ki, hər bir millətin tarixində həm millət, həm də onun liderləri bir çox çətinliklərlə üzləşirlər. "Yəhudi dövlətinin yenidən yaranışının davamı olaraq liderlərimizin qonşularımızla sülh şəraitində yaşamaq gözləntisi İsrailin 1948-ci ilin may ayında qəbul olunmuş Müstəqillik deklarasiyasında da nəzərdə tutulub. Biz bütün qonşu dövlətlərə və onların xalqlarına sülh və birlik təklif edir və ümümi rifah üçün müstəqil yəhudi milləti ilə əməkdaşlıq etməyə dəvət edirik”.

Azərbaycanla əlaqələrə də toxunan səfir bildirib ki, Azərbaycan müstəqilliyini əldə etdiyi zaman İsrail gənc dövləti tanıyan 4-cü ölkə idi: "İsrail və Azərbaycan qarşılıqlı hörmət, sülh və stabillik arzusu və öz xalqlarının rifahı üçün hər iki ölkənin daha da inkişafına kömək edəcək əlaqələri çox məharətlə inkişaf etdirirlər. Əlavə olaraq, İsrail və Azərbaycan unikal əlaqələri bölüşürlər: yəhudilər ən azı 15 əsr burada yaşadıqları zaman heç bir zaman antisemitizm mövcud olmayıb".

Öz növbəsində, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov çıxışında Azərbaycan hökuməti adından səfiri və onun simasında bütün İsrail dövlətini milli bayram münasibətilə təbrik edib, israillilərə sülh və əmin-amanlıq içində yaşamağı arzulayıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi