Bakıda Gürcüstanın Müstəqillik günü ilə əlaqədar rəsmi qəbul təşkil olunub

Bakıda Gürcüstanın Müstəqillik günü ilə əlaqədar rəsmi qəbul təşkil olunub Səfir: "Gürcüstan həmişə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib"
Xarici siyasət
26 May , 2016 20:06
Bakıda Gürcüstanın Müstəqillik günü ilə əlaqədar rəsmi qəbul təşkil olunub

Bakı. 26 may. REPORT.AZ / Bakıda Gürcüstanın Müstəqillik günü ilə əlaqədar rəsmi qəbul təşkil olunub.

"Report"un məlumatına görə, tədbirdə əvvəlcə iki ölkənin dövlət himnləri səslənib.

Daha sonra çıxış edən Gürcüstanın Azərbaycandakı səfiri Temuraz Şaraşanidze ölkənin müstəqillik illəri ərzində çatdığı nailiyyətlərdən danışıb.

Azərbaycanla əlaqələrə toxunan səfir bildirib ki, Gürcüstanın qonşu ölkələrlə əməkdaşlıq və mehriban münasibətləri ölkənin xarici siyasətinin təməlini təşkil edir: "İki qardaş ölkə olan Gürcüstan və Azərbaycan mövcud çətinliklərin öhdəsindən birlikdə gəlib. Cənubi Qafqazın inkişafı əsəsən Gürcüstan və Azərbaycan münasibətlərindən asılıdır".

Səfir onu da qeyd edib ki, Azərbaycanla həyata keçirilən və keçirilməkdə olan BTC, TAP, TANAP, BTQ layihələri təkcə hər iki ölkə üçün deyil, Avropa ölkələri üçün də fayda gətirən layihələrdir.

Sonda səfir Gürcüstanın həmişə Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini deyib.

Daha sonra çıxış edən Azərbaycan baş nazirinin müavini Əli Əhmədov səfiri və gürcü xalqını müstəqillik günü münasibətilə təbrik edib. O bildirib ki, iki ölkə xalqı bütün tarix boyu mehriban qonşuluq və dostluq münasibətində yaşayıblar. Ə.Əhmədov qeyd edib ki, Azərbaycan və Gürcüstanın bir-birinin ərazi bütövlüyünü dəstəkləməsi iki xalq arasında əlaqələrin möhkəmləndirilməsinə və regionda sabitliyin bərqərar olmasına yardım edir.

Daha sonra rəsmi ziyafət təşkil edilib.

Son xəbərlər

Orphus sistemi