Bakı. 23 iyun. REPORT.AZ/ Bakıda "Azərbaycanda Mobillik naminə Tərəfdaşlıq" mövzusunda birgünlük beynəlxalq konfrans keçirilir.
"Report" xəbər verir ki, Avropa Komissiyası, Azərbaycan Xarici İşlər Nazirliyi və Miqrasiya Siyasətinin İnkişafı üzrə Beynəlxalq Mərkəz (ICMPD) tərəfindən təşkil edilən tədbirdə Avropa İttifaqının Azərbaycandakı səfiri Malena Mard, Azərbaycan xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev, Aİ-nin Azərbaycanda qeydiyyatdan keçmiş ölkələrinin diplomatik missiyaların nümayəndələri iştirak ediblər.
M.Mard bu konfransın keçirilməsinin Aİ ilə Azərbaycan arasında əməkdaşlığın genişləndirilməsi və tərəfdaşlar kimi birgə fəaliyyət ideyasına dəstək olduğunu bildirib. O, həmçinin həyata keçirilən MOBILAZE layihəsinin tərəflər arasında sıx və qarşılıqlı faydalı əməkdaşlığın nümunəsi olduğunu qeyd edib.
Öz növbəsində, M.Məmmədquliyev Azərbaycanın mobillik sahəsində Aİ ilə əməkdaşlıqda maraqlı olduğunu vurğulayıb.
Konfrans iştirakçıların müzakirəsi ilə davam edib.