Bakıda Azərbaycan və Türkiyə XİN başçılarının görüşü olub

Bakıda Azərbaycan və Türkiyə XİN başçılarının görüşü olub Nazirlər ikitərəfli əməkdaşlığın mühüm məsələlərini müzakirə ediblər
Xarici siyasət
15 İyul , 2016 13:14
Bakıda Azərbaycan və Türkiyə XİN başçılarının görüşü olub

Bakı. 15 iyul. REPORT.AZ/ Bakıda Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və paytaxtımızda rəsmi səfərdə olan Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu arasında görüş keçirilib.

"Report" xəbər verir ki, təkbətək və geniş tərkibdə görüşlər zamanı nazirlər ikitərəfli əməkdaşlığın mühüm məsələlərini, aktual regional məsələləri, eləcə də Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsini müzakirə ediblər.

Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov mətbuat konfransında qeyd edib ki, türkiyəli həmkarına münaqişənin həlli ilə bağlı danışıqlar prosesinin gedişi barədə məlumat verib: "Türkiyə böyük regional oyunçu və Minsk qrupunun üzvü kimi, danışıqların gedişindən xəbərdar olmalıdır. Danışıqların intensivləşdirilməsi bizə bu məsələ ilə bağlı razılıq əldə olunacağına dair əsas verir. Ermənistan qoşunlarının işğal olunmuş Azərbaycan ərazilərində mövcudluğunun bütün region üçün ciddi təhlükə mənbəyidir. Ermənilər Azərbaycanın işğal olunmuş ərazilərini tərk etməlidir. Mövlud Çavuşoğlu bəyan etdi ki, Türkiyə BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun olaraq, Ermənistan qoşunlarının bütün işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılması, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyinin təmin olunması əsnasında münaqişənin danışıqlar yolu ilə həllini dəstəkləyir".

O, həmçinin görüş zamanı iqtisadi əməkdaşlığın gücləndirilməsi perspektivlərinin müzakirə olunduğunu söyləyib: "Avqustun 8-də Azərbaycan, Rusiya və İran prezidentləri "Şimal-Cənub" layihəsi üzrə müzakirələr aparacaq. Eyni zamanda biz yeni "İpək yolu" layihəsi üzərində sıx işləyirik. "Bakı-Tbilisi-Qars" dəmir yolu xəttinin istismara verilməsi ilə bu layihə həyata keçirilə bilər". 

Nazir bildirib ki, görüşdə iki ölkənin qardaş xalqlarının iradəsinə və dil, mədəniyyət, ənənələr və tarix kimi ortaq dəyərlərinə əsaslanaraq, Azərbaycan və Türkiyə arasında siyasi əlaqələrin strateji müttəfiqlik səviyyəsində inkişaf etdiyi qeyd olunub. Biz ölkə liderlərinin dostluğu və qarşılıqlı səfərləri, o cümlədən Türkiyə prezidenti Rəcəb Təyyub Ərdoğanın aprelin 25-26-da Bakıda keçirilmiş BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal forumunda iştirak etmək üçün Bakıya, Azərbaycan Prezidenti İlham Əliyevin mayın 22-24-də Ümumdünya Humanitar Sammitdə iştirakla əlaqədar İstanbula səfərini xüsusilə vurğuladıq. Azərbaycan-Türkiyə əməkdaşlığı regionda və onun hüdudlarından kənarda sülh və inkişafın təmin olunmasına xidmət edir və sabitləşdirici rol oynayır. Həmçinin, ölkələrimiz arasında olan ikitərəfli əməkdaşlıq Azərbaycan-Gürcüstan-Türkiyə, Azərbaycan-İran-Türkiyə, Azərbaycan-Türkmənistan-Türkiyə üçtərəfli formatında da inkişaf edir". 

E.Məmmədyarov vurğulayıb ki, görüşdə Ermənistan ərazisində fəaliyyət göstərən Metsamor atom elektrik stansiyası və stansiyadan qaynaqlanan nüvə və radioaktiv materialların qaçaqmalçılığı halları regionu nüvə təhlükəsi ilə üzbəüz qoyduğu bildirilib: "Hər iki tərəf terrorizmdən əziyyət çəkən dövlət kimi terrorizmin bütün forma və təzahürlərini qınadılar. Mən fürsətdən istifadə edib son terror aktlarında həlak olanların ailələrinə və qardaş Türkiyə xalqına bir daha dərin hüznlə başsağlığı verdim və onların kədərini bölüşdüyümüzü bildirdim".

Nazir qeyd edib ki, görüşdə həmçinin Azərbaycan və Türkiyə arasında müdafiə, təhlükəsizlik və hərbi sənaye sahəsində faydalı əməkdaşlığın davam etdiyi, mütəmadi əsasda iki ölkənin silahlı qüvvələri tərəfindən birgə təlimlərin keçirildiyi qeyd olunub: "Biz beynəlxalq sülhməramlı əməliyyatlarda Azərbaycan və Türkiyə əsgərlərinin digər tərəfdaşlarla birlikdəsülh və sabitlik naminə çiyin-çiyinə xidmət etdiyini də vurğuladıq. Ölkələrimiz arasında əməkdaşlığın müxtəlif sahələrini tənzimləyən geniş müqavilə-hüquq bazasının mövcudluğunu, o cümlədən 200-dən artıq müxtəlif ikitərəfli sənədin imzalandığını diqqətə çatdırdıq. Görüşdə məmnunluqla qeyd olundu ki, ölkələrimiz beynəlxalq və regional təşkilatlar, o cümlədən BMT, İslam Əməkdaşlıq Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı və digər qurumlarda qarşılıqlı dəstək və birgə səyləri davam etdirirlər. Eyni zamanda, parlamentlərarası diplomatiyanın əlaqələrimizdə xüsusi çəkisinə toxunaraq, Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupu uğurla fəaliyyətini nəzərdən keçirdik".

E.Məmmədyarov bildirib ki, Azərbaycanın xarici ölkələrə yatırdığı investisiyaların həcminə görə Türkiyənin birinci yer tutduğu qeyd olunaraq, təkcə ARDNŞ tərəfindən 2018-ci ilədək Türkiyəyə 18 mlrd. ABŞ dolları həcmində sərmayə qoyulmasının nəzərdə tutulduğu, Azərbaycanda 2400-dən artıq Türkiyə şirkəti, Türkiyədə isə 1000-dən artıq Azərbaycan şirkəti fəaliyyət göstərdiyi vurğulanı: "İki ölkə arasında ticarət-iqtisadi əlaqələrin davamlı, sabit və uzunmüddətli inkişafının təmin edilməsində Azərbaycan-Türkiyə Hökumətlərarası Birgə Komissiyasının vacib rolu qeyd olunub. Elm, mədəniyyət, təhsil və tələbə mübadiləsi sahəsində əməkdaşlığın uğurla inkişaf etdiyini, ikitərəfli mədəni əlaqələrin və ortaq türk mədəniyyətinin inkişafında TÜRKSOY və Türk Mədəniyyəti və İrsi Fondu çərçivəsində əməkdaşlığın xüsusi rolunu da vurğuladıq". 

Son xəbərlər

Orphus sistemi