Yuxarı

Bakıda Azərbaycan və Gürcüstan DTX-ları arasında əməkdaşlıq memorandumu imzalanıb

Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Azərbaycana səfərə gəlib

Bakı. 2 avqust. REPORT.AZ/ Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Vaxtanq Qomelaurinin rəhbərlik etdiyi nümayəndə heyəti avqustun 2-də Azərbaycana səfərə gəlib.

Xidmətin İctimai Əlaqələr Şöbəsindən "Report"a verilən məlumata görə, qonaqlar əvvəlcə Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad edərək məzarı önünə əklil qoyublar. Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın xatirəsi də ehtiramla anılıb, məzarı üzərinə gül dəstələri düzülüb.

Gürcüstanın nümayəndə heyəti Şəhidlər xiyabanına gələrək Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini də yad edib, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub.

Sonra Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətində geniş tərkibdə ikitərəfli görüş keçirilib.

Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-leytenant Mədət Quliyev ümummilli lider Heydər Əliyevin Azərbaycanın müstəqilliyinin qorunması və möhkəmləndirilməsi naminə həyata keçirdiyi misilsiz fəaliyyəti, ulu öndərin siyasi xəttinin layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə dövlət quruculuğu və hüquq mühafizə sahəsində uğurla aparılan islahatlar, sosial-iqtisadi inkişaf, habelə mühüm beynəlxalq layihələrin həyata keçirilməsi və bu yöndə başlıca şərt olan sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsi üzrə görülən tədbirlər barədə ətraflı məlumat verib. Qeyd olunub ki, Azərbaycan Prezidenti İlham Əliyevin və Gürcüstan Prezidenti Georgi Marqvelaşvilinin ümumi səyləri nəticəsində ölkələrimiz arasında yüksələn xətlə inkişaf edən sıx dostluq münasibətləri dövlətlərimizin təhlükəsizliyinin təmin olunması istiqamətində əlaqələrin gücləndirilməsinə də xidmət edir.

Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Vaxtanq Qomelauri dövlət başçılarının dost və qardaş xalqlarımızın tərəqqisi naminə həyata keçirdikləri uğurlu sabitlik, təhlükəsizlik və inkişaf siyasətinə əlverişli şəraitin yaradılması üçün ümumi təhdidlərə qarşı mübarizədə ölkələrimizin aidiyyəti orqanlarının ikitərəfli əməkdaşlıq əlaqələrinin genişləndirilməsinin xüsusi önəm daşıdığını bildirib. Qonaq bu səfərin dövlətlərimiz, eləcə də müvafiq strukturlar arasındakı tərəfdaşlıq münasibətlərinin daha da yüksəldilməsinə töhfəsini verəcəyinə əminliyini qeyd edib.

Görüşdə təhlükəsizlik məsələlərinə dair qarşılıqlı faydalı əməkdaşlığın perspektivləri, o cümlədən bu sahədə fəaliyyətin səmərəli təşkili üzrə təcrübə və məlumat mübadiləsinin intensivləşdirilməsi barədə müzakirələr aparılıb.

Sonda Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti və Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidməti arasında əməkdaşlıq haqqında memorandum imzalanıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi