Bakıda Azərbaycan və Almaniya arasında siyasi məsləhətləşmələr keçirilib

Bakıda Azərbaycan və Almaniya arasında siyasi məsləhətləşmələr keçirilib Andreas Peşke Almaniyanın Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı mövqeyinin birmənalı olduğunu diqqətə çatdırıb
Xarici siyasət
23 Yanvar , 2018 17:25
Bakıda Azərbaycan və Almaniya arasında siyasi məsləhətləşmələr keçirilib
Report

Bakı. 23 yanvar. REPORT.AZ/ Bakıda Azərbaycan və Almaniya arasında xarici işlər nazirlikləri səviyyəsində növbəti siyasi məsləhətləşmələr keçirilib.

Bu barədə "Report"a Xarici İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib. 

Məsləhətləşmələrdə Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov, Almaniya Federativ Respublikasını isə Xarici İşlər Nazirliyinin Şərqi Avropa, Qafqaz və Mərkəzi Asiya üzrə müvəkkili Andreas Peşke təmsil edib.

X.Xələfov xarici işlər nazirlikləri çərçivəsində siyasi məsləhətləşmələrin daimi əsasda aparılmasının ənənə kimi qəbul edildiyini və bu ənənənin iki ölkə arasında əlaqələrin inkişaf etdirilməsi və şaxələndirilməsi baxımından faydalı platforma olduğunu bildirib.

A.Peşke Azərbaycan və Almaniya arasında ikitərəfli əlaqələrin çox yüksək səviyyədə olduğunu qeyd edərək, bu baxımdan, yüksək səviyyəli qarşılıqlı səfərlərin, Ticarət və İnvestisiya Qrupunun səfəri, eləcə də Göthe Mərkəzinin Bakıda nümayəndəliyinin açılmasının əməkdaşlığın müxtəlif səviyyələrdə inkişafının müsbət göstəricisi olduğunu vurğulayıb. 

X.Xələfov ikitərəfli iqtisadi və mədəni əlaqələrin səviyyəsindən məmnunluq ifadə edərək Azərbaycanın Almaniyanın regionları ilə əlaqələrə də böyük önəm verdiyini, Federal Hökumətin dəstəyi ilə bu sahədə irəliləyiş əldə ediləcəyinə ümidvar olduğunu bildirib. Həmçinin qarşı tərəflə qeyri-neft sektorunun inkişafı, nəqliyyat və logistika sahəsində birgə investisiya layihələrinin reallaşdırılması, habelə turizm sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib.

X.Xələfov Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə toxunaraq separatçı rejimin nümayəndələrinə Almaniya hökuməti tərəfindən viza verilməməsi ilə bağlı qərarının Almaniyanın münaqişənin həlli prosesinə və Azərbaycanın ərazi bütövlüyünə dəstəyi kimi yüksək qiymətləndirildiyini diqqətə çatdırıb.

A.Peşke Almaniyanın Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı mövqeyinin birmənalı olduğunu, münaqişənin Helsinki Yekun Aktının prinsipləri əsasında həllini dəstəklədiyini diqqətə çatdırıb. O, Almaniyanın ATƏT-ə sədrliyi dövründə münaqişənin həllində irəliləyişə nail olunması istiqamətində səylər göstərdiyini də əlavə edib.

A.Peşke 2018-ci ilin Azərbaycanda alman məskənlərinin salınmasının 200 illiyi ilə əlamətdar olduğunu bildirərək bu çərçivədə müxtəlif mədəni tədbirlərin keçirilməsinin planlaşdırıldığını bildirib.

Görüşdə həmçinin Azərbaycan və Avropa İttifaqı arasında münasibətlərin cari vəziyyəti, readmissiya, miqrasiya məsələləri də daxil olmaqla, qarşılıqlı maraq doğuran məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

Son xəbərlər

Orphus sistemi