Yuxarı

Bakıda Azərbaycan, İran və Rusiya dövlət başçılarının üçtərəfli zirvə görüşü keçirilib - YENİLƏNİB

Sonda dövlət başçıları zirvə görüşünün birgə bəyannaməsini imzalayıblar

İlk xəbər 19:50-də verilib

Bakı. 8 avqust. REPORT.AZ/ Bakıda, Heydər Əliyev Mərkəzində Azərbaycan, İran və Rusiya dövlət başçılarının üçtərəfli zirvə görüşü keçirilib.

"Report"un məlumatına görə, görüşdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, İran İslam Respublikasının Prezidenti Həsən Ruhani və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin çıxış ediblər.

Azərbaycan Prezidenti İlham Əliyev yeni formatda təşkil olunan bu toplantının ölkələr arasında müxtəlif sahələrdə əlaqələrin genişləndirilməsində mühüm əhəmiyyətə malik olduğunu bildirib. Dövlət başçısı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tezliklə həll olunmasının vacibliyini vurğulayıb. Prezident İlham Əliyev ölkələrimiz arasında siyasi və iqtisadi sahədə əlaqələrin yüksək səviyyədə olduğunu deyib, Azərbaycanda həyata keçirilən iqtisadi inkişaf proseslərindən danışıb.

İran prezidenti Həsən Ruhani yüksək qonaqpərvərliyə və bu toplantının keçirilməsindəki roluna görə Azərbaycan prezidentinə təşəkkür edib. Bu zirvə görüşünün fikir mübadiləsi aparmaq, ortaq mənafelərin yaranması üçün yaxşı fürsət olduğunu deyən Həsən Ruhani toplantının hər üç ölkənin yaxşı münasibətlərinin mühüm göstəricisi olduğunu vurğulayıb. O bildirib ki, ölkələrimiz bir çox sahələrdə əməkdaşlıq edir və İran qonşu ölkələrlə əməkdaşlığın dərinləşməsində maraqlıdır. İran prezidenti Azərbaycan ilə ölkəsi arasında mövcud əlaqələrin yüksək səviyyədə olduğunu deyib, Rusiya ilə də ikitərəfli əlaqələrdən razılığını bildirib.

Rusiya prezidenti Vladimir Putin ölkələrimizin mühüm tərəfdaş olduğunu, aramızda yaxşı münasibətlərin formalaşdığını diqqətə çatdırıb. Hər üç ölkənin dünyanı və regionu narahat edən məsələlərin həllində mühüm rol oynadığını deyən Vladimir Putin terrorizmə və narkotiklərin daşınmasına qarşı mübarizədə birgə səylərin artırılmasının vacibliyini vurğulayıb, Xəzər dənizində əməkdaşlığın genişləndirilməsinin əhəmiyyətinə toxunub. O, mədəniyyət, təhsil, elm və digər sahələrdə ölkələrimiz arasında yaxşı əməkdaşlığın olduğunu deyib.

Prezident İlham Əliyev yekun nitqində bir daha bu görüşün üç ölkə arasında görülən işləri, niyyətləri və gələcəyə baxışın müəyyənləşdirilməsində mühüm hadisə olduğunu deyib. Dövlət başçısı bu əməkdaşlıq formatını dünyaya nümunə kimi dəyərləndirib.

Sonda Azərbaycan Prezidenti İlham Əliyev, İran prezidenti Həsən Ruhani və Rusiya prezidenti Vladimir Putin zirvə görüşünün birgə bəyannaməsini imzalayıblar.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi