Bakı. 17 mart. REPORT.AZ/ Bakıda "Asiyanın Qəlbi - İstanbul Prosesi"ndə iştirak edən dövlətlərin yüksək vəzifəli rəsmilərinin iclası başlayıb.
"Report" xəbər verir ki, Azərbaycan tədbirə prosesin həmsədri qismində ev sahibliyi edir.
"İqtisadi komponentlərdə də Əfqanıstanda sabitliyin mühüm elementidir. Bunun üçün regional əməkdaşlığı inkişaf etdirmək lazımdır", - deyə Əfqanıstan xarici işlər nazirinin müavini Hikmət Xəlil Karzai bildirib.
O əlavə edib ki, Əfqanıstanın Mərkəzi Asiya və region ölkələri ilə əməkdaşlığı çərçivəsində müxtəlif infrastruktur, enerji və tranzit layihələrinin inkişafına, xüsusilə Əfqanıstan-Tacikistan-Türkmənistan dəmir yolu xəttinin salınmasına, Azərbaycandan da keçəcək "Lapis Lazulis" nəqliyyat layihəsinin həyata keçirilməsinə, yaxın gələcəkdə gözlənilən sazişlərin imzalanmasına nail olmaq lazımdır. Əfqanıstanlı nazir müavininin sözlərinə görə, regionun hərtərəfli inkişafı üçün fəal sərmayə qoyulması lazımdır və bu kontekstdə müxtəlif ölkələrin iş adamlarının əfqan biznesmenlərlə birbaşa əlaqələri intensivləşib.
Qeyd edək ki, “Asiyanın Qəlbi - İstanbul Prosesi” çoxtərəfli əməkdaşlıq və dialoq formatı kimi Türkiyənin təşəbbüsü ilə 2011-ci ildə İstanbul şəhərində keçirilən Nazirlər Konfransında yaradılıb. Prosesin əsas məqsədi mərkəzində Əfqanıstan yerləşən regionda sülh, sabitlik və inkişafın təmin edilməsinə töhfə verməkdir.