Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində Holokost faciəsi xatırlanıb

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində Holokost faciəsi xatırlanıb "Avropanın bəzi ölkələrində hələ də antisemitizm meyilləri qalır"
Xarici siyasət
27 Yanvar , 2017 20:46
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində Holokost faciəsi xatırlanıb

Bakı 27 yanvar. REPORT.AZ/ Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində (BBMM) Holokost faciəsinə həsr olunmuş "dəyirmi masa" təşkil olunub.

Mərkəzin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, tədbiri BBMM-in icraçı direktoru Azad Məmmədov açaraq hər il yanvarın 27-si BMT Baş Assambleyası tərəfindən 2005-ci il noyabrın 1-də qəbul olunmuş 60/7 saylı qətnaməyə əsasən Beynəlxalq Holokost qurbanlarının Anım Günü kimi qeyd edildiyini bildirib. İcraçı direktor yəhudilərin əsrlərdir Azərbaycanda dostluq şəraitində yanaşı yaşadığınlı vurğulayıb: “Biz fəxr edirik ki, Azərbaycanda heç vaxt antisemitizm meyilləri olmayıb, burada yaşayan bütün etnik icmalar bir-biri ilə ən yüksək səviyyədə dostluq, qardaşlıq münasibəti qurublar”.

BBMM-in şöbə müdiri Rəşad İlyasov dəyirmi masada “Holokost faciəsinin tarixi” mövzusunda məruzə ilə çıxış edib. Şöbə müdiri diqqətə çatdırıb ki, baş vermiş faciələri unutmaq yeni fəlakətlərə səbəb ola bilər, ona görə də yaşanmış faciələri xatırlayaraq gələcəyə irəliləmək lazımdır”.

AMEA-nın İnsan Hüquqları İnstitutunun alimi Moisey Bekker Azərbaycanda Holokost faciəsinin anılmasının ənənə halını almasını təqdirəlayiq hal kimi qiymətləndirərək bunun ölkəmizdəki multikultural və tolerant əhvalın göstəricisi kimi dəyərləndirib. Alim BBMM-in rəhbərliyinə və Azərbaycan dövlətinə yəhudi xalqının başına gətirilən bu dəhşətli faciəyə həssaslıqla yanaşdığına və hər il Holokost qurbanlarının xatirəsinin anıldığına görə minnətdarlığını ifadə edib. Moisey Bekker Holokost etnoniminim mahiyyətindən söz açıb: “Holokost kəlməsi “yanıb kül olmuş” mənasını verir və bu ad təsadüfi deyil. Çünki Almaniyada faşizm rejimi hakimiyyətdəykən Hitlerin əmri ilə milyonlarla yəhudi ölüm düşərgələrində dəhşətli işgəncələrə məruz qalıb, qaz kameralarında boğulub və yandırılıb. Bu günahsız insanların öldürülmə səbəbləri faşizm dövründə son həddə çatmış yəhudi nifrəti və faşizm irqçiliyi idi. Alim Avropanın bəzi ölkələrində hələ də antisemitizm meyillərinin qaldığını bildirərək dünyanın bir çox ölkələrində Holokost mübahisəsini açmağın belə qadağan olunduğunu deyib. Moisey Bekker həmçinin azərbaycanlıların və türklərin, eləcə də müxtəlif ölkə diplomatlarının yəhudiləri bacardıqları qədər Holokost qırğınından qorumaq üçün səy göstərdiklərini xatırladıb.

Azərbaycandakı Dağ yəhudiləri icmasının nümayəndəsi ravvin Abraham ölkəmizdə yəhudilərin kipa ilə rahatca dolaşdığını, mütəmadi olaraq sinaqoqlarda dini bayramlarını yüksək səviyyədə qeyd etdiyini, Avropanin bəzi ölkələrində bunun bəzən mümkün olmadığını söyləyib.

BBMM-in müşaviri, professor Aytən Qəhrəman faciənin 1933-cü ildən başlayaraq mərhələli şəkildə həyata keçirildiyini vurğulayıb: “1933-cü ildə yəhudilərin hüquqlarının azaldılması ilə addım-addım başlayan fəlakət sonda Faşist hökümətinin əlinə keçən bütün Avropa yəhudilərini öldürülməsi ilə nəticələndi. Müəyyən mərhələlərlə bu proses öncə yəhudilərin hüquqlarının alınması və yüksək rütbələrdən uzaqlaşdırılmalarıilə başladı, sonra yəhudilərin mallarının və mülklərinin əllərindən alınması və Gettolarda yaşamağa məcbur olunmaqları ilə davam etdi və “Son həll”, onların toplanıb ölüm düşərgələrinə aparılmaları və orada sistemli şəkildə qaz kameralarında boğulması ya da fərqli şəkildə öldürülüb cəsədlərinin yandırılması ilə nəticələndi”. 

Son xəbərlər

Orphus sistemi