Bahar Muradova: "ATƏT PA-nın qəbul edəcəyi sənədlərdə Ermənistanın təcavüzkarlığı əksini tapmalıdır"

Bahar Muradova: "ATƏT PA-nın qəbul edəcəyi sənədlərdə Ermənistanın təcavüzkarlığı əksini tapmalıdır" ​Tbilisidə ATƏT PA-nın 25-ci sessiyası keçirilir
Xarici siyasət
1 İyul , 2016 17:00
Bahar Muradova: ATƏT PA-nın qəbul edəcəyi sənədlərdə Ermənistanın təcavüzkarlığı əksini tapmalıdır

Tbilisi. 1 iyul. REPORT. AZ/ Tbilisidə ATƏT Parlament Assambleyasının 25-ci yay sessiyası keçirilir.

"Report"un Gürcüstan bürosu xəbər verir ki, “Parlament əməkdaşlığının 25 ili: dialoq vasitəsilə etimadı gücləndirərək” mövzusuna həsr olunan sessiya çərçivəsində Daimi komitənin iclası keçirilib. İclasda təşkilatın gündəliyi, maliyyə məsələləri, bəzi sənədlərə dəyişikliklər müzakirə olunub.

Azərbaycan nümayəndə heyətinin rəhbəri Bahar Muradova komitə iclasında çıxış edib və ATƏT PA-nın qəbul edəcəyi sənədlərdə Ermənistanın təcavüzkarlığı, işğal olunmuş Azərbaycan torpaqlarının azad edilməsi barədə məsələnin də sənəddə əksini tapmasının vacibliyini vurğulayıb. B.Muradova Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində danışıqların getdiyi bir vaxtda ATƏT PA-nın sənədlərin bu cür məsələlərin əksini tapmasını sülh prosesinə təkan verəcəyini bildirib.

Sonra isə plenar iclas öz işinə başlayıb. Assambleyanın sədri İlka Kanerva tədbiri açdıqdan sonra Gürcüstan parlamentinin sədri David Usupaşvili, prezident Georgi Marqvelaşvili, baş nazir Georgi Kvirikaşvili çıxış ediblər. Gürcüstan rəsmiləri ATƏT PA-nın 25-ci sessiyasının Gürcüstanın dövlət müstəqilliyinin 25-ci ildönümü ilə üst-üstə düşməsini yüksək qiymətləndiriblər. Çıxışlarda təşkilata üzv ölkələrin inkişafında, dünyada, Avropada və Cənubi Qafqazda mövcud olan münaqişələrin həllində ATƏT-in rolu barədə fikirlərini bölüşüblər. 

Gürcüstan prezident G.Marqvelaşvili bildirib ki, mövcud problemlərin həllində bütün səylər birləşdirilməlidir: "Bu gün işğal olunmuş ərazilərdə narkotik maddələr yetişdirilir, terror qrupları hazırlanır, radioaktiv maddələrin qanunsuz dövriyyəsi ilə bağlı ciddi təhlükəli vəziyyət yaranır. Münaqişələr həll olunmalı, işğal olunmuş ərazilər azad edilməlidir. Gürcüstan bu istiqamətdə birgə fəaliyyət göstərməyə hazırdır".

ATƏT-ın fəaliyyətdə olan sədri, Almaniyanın xarici işlər naziri Frank-Valter Ştaynmayer çıxışında Cənubi Qafqazdakı münaqişələrə toxunub: "Bir gün əvvəl Azərbaycanda oldum, qaçqın və məcburi köçkünlərlə görüşdüm, Dağlıq Qarabağ münaqişəsi barədə ətraflı məlumat aldım. Bu münaqişə nəticəsində minlərlə insan həlak olub, minlərlə insan doğma torpaqlarından didərgin düşüb. Bu ilin aprel ayında bu münaqişə yenidən alovlandı və çətinliklə də olsa biz yenidən münaqişənin daha da genişlənməsinin qarşısını aldıq. Bu gün Cənubi Qafqazda digər münaqişələr də var. Bu problemlər həllini tapmalı və regionda sülh təmin olunmalıdır".

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) sədri Pedro Aqramunt çıxışında Türkiyədə baş vermiş terroru pisləyib, bütün qüvvələri terrorizmə qarşı mübarizəyə səsləyib. O, terrorizmə qarşı mübarizədə və işğal olunmuş ərazilərin azad olunmasında, münaqişələrin həllində parlament diplomatiyasının əhəmiyyətini qeyd edib.

Sessiya çərçivəsində ATƏT PA-nın Təhlükəsizlik və siyasi məsələlər, İqtisadi məsələlər, elm, texnika və ətraf mühit, Demokratiya, insan hüquqları və humanitar məsələlər üzrə Ümumi komitələrinin iclasları keçiriləcək, bir sıra qətnamə layihələri müzakirə olunacaq.

Qurumun yay sessiyasında Avropanın təhlükəsizliyi, miqrantlar və qaçqınlarla bağlı böhranda gender problemlərinin təhlili, qaçqınların hüquqları, zorakılıq və diskriminasiya ilə mübarizə, neonasizmin baş qaldırmasına yol verilməməsi, uşaqların cinsi istismarına və uşaq ticarətinə son qoyulması üçün hüquq-mühafizə orqanlarının fəaliyyətinin əlaqələndirilməsi kimi məsələlər diqqət mərkəzində olacaq. Gürcüstanda münaqişəyə, Krımda insan hüquq və əsas azadlıqlarının pozulmasına dair müzakirələr aparılacaq. Çernobıl fəlakətinin 30-cu ildönümünə dair sənəd qəbul ediləcək.

Sessiyada ATƏT məkanında qanunun aliliyini təmin etmək məqsədi ilə korrupsiyaya qarşı mübarizə məsələsi gündəmdə olacaq. ATƏT PA ilə ATƏT arasında münasibətlərin möhkəmləndirilməsinə, Baltik dənizi regionunda əməkdaşlığın dərinləşdirilməsinə xüsusi diqqət yetiriləcək. Böhranlara və münaqişələrə qarşı səmərəli tədbirlərin işlənib hazırlanması istiqamətində ətraflı fikir mübadiləsi aparılacaq.

İyulun 5-dək davam edəcək sessiyada Azərbaycanı Milli Məclis sədrinin müavini, ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri Bahar Muradovanın başçılığı ilə deputatlar Azay Quliyev, Ülviyyə Ağayeva, Kamran Nəbizadə, Elşad Həsənov və Tahir Mirkişili təmsil edirlər.

Son xəbərlər

Orphus sistemi