Azərbaycan prezidenti Rusiya Federal Məclisinin Federasiya Şurasının sədrini Valentina Matviyenkonu qəbul edib

Azərbaycan prezidenti Rusiya Federal Məclisinin Federasiya Şurasının sədrini Valentina Matviyenkonu qəbul edib Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı fikir mübadiləsi aparılıb
Xarici siyasət
2 Oktyabr , 2014 17:33
Azərbaycan prezidenti Rusiya Federal Məclisinin Federasiya Şurasının sədrini Valentina Matviyenkonu qəbul edib

Bakı. 2 oktyabr. REPORT.AZ/ Oktyabrın 2-də Azərbaycan prezidenti İlham Əliyev Bakıda səfərdə olan Rusiya Federasiyası Federal Məclisinin Federasiya Şurasının sədri Valentina Matviyenkonu qəbul edib. “Report”un xəbərinə görə, prezident İlham Əliyev Valentina Matviyenkonu yenidən Rusiya Federasiyası Federal Məclisinin Federasiya Şurasının sədri seçilməsi münasibətilə təbrik edib. Dövlət başçısı Bakıda keçirilən IV Beynəlxalq Humanitar Forumda Rusiya Federasiyası nümayəndə heyətinin Federal Məclisin Federasiya Şurası sədrinin başçılığı ilə iştirakını bu tədbirə verilən mühüm əhəmiyyət kimi dəyərləndirib. Prezident İlham Əliyev Forumla bağlı təbriklərinə görə Rusiya Federasiyasının prezidenti Vladimir Putinə onun təşəkkürünü çatdırmağı Valentina Matviyenkodan xahiş edib. Azərbaycan prezidenti bir neçə gün əvvəl Həştərxanda Rusiya dövlətinin başçısı ilə görüşü zamanı iki ölkə arasında münasibətlərin çox müsbət, dinamik inkişaf etməsinin, əməkdaşlığın bütün sahələri əhatələməsinin, iqtisadi sahədə ticarət dövriyyəsinin artmasının vurğulandığını diqqətə çatdırıb. Dövlət başçısı parlamentlərarası əlaqələrin ikitərəfli münasibətlərimizin daha da inkişaf etdirilməsində önəmini vurğulayıb.

Rusiya Federasiyası Federal Məclisinin Federasiya Şurasının sədri Valentina Matviyenko prezident Vladimir Putinin salamlarını və xoş arzularını prezident İlham Əliyevə çatdırıb. Qonaq IV Bakı Beynəlxalq Humanitar Forumuna dəvətə görə Prezident İlham Əliyevə təşəkkürünü bildirib.

Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı fikir mübadiləsi aparılıb.

İ.Əliyev prezident Vladimir Putinə salamlarına və xoş arzularına görə minnətdarlığını bildirib, onun da salamlarını və xoş arzularını Rusiya dövlətinin başçısına çatdırmağı Valentina Matviyenkodan xahiş edib.

Son xəbərlər

Orphus sistemi