Strasburq. 28 iyun. REPORT.AZ/ Avropa Şurası Parlament Assambleyası (AŞPA) yay sessiyasının dördüncü iş günü Türkiyədən olan deputat Talip Kiçikcanın hazırladığı “Avropada terrorizmə qarşı birgə mübarizə: nailiyyətlər və uğursuzluqlar” adlı məruzənin müzakirəsi ilə başlayıb.
"Report"un Fransa bürosu xəbər verir ki, müzakirələrdə iştirak edən Azərbaycan nümayəndə heyətinin üzvü Rafael Hüseynov beynəlxalq təşkilatları, o cümlədən Avropa Şurasını və qurumun Parlament Assambleyasını bütün dünyanı getdikcə daha çox narahat edən terrorizmlə mübarizəyə ən yaxında, göz qabağında olan Ermənistan kimi ölkələrdən başlamağın vacib olduğunu bildirib.
O vurğulayıb ki, terror kabusu getdikcə miqyasını genişləndirməkdə, dünyanın daha çox ölkələrini əhatə etməkdədir: "Hansı ölkədə, kimin, hansı məqsədlərlə törətməsindən asılı olmayaraq terror insanlığa qarşı cinayətdir və hər kəs ən əvvəl özünü, öz ailəsini, öz vətənini düşünərək bu qorxunc bəlaya qarşı ən qəti mübarizəyə hazır olmalıdır. Təəssüflər olsun ki, biz çox zaman yalnız dəhşətli terror hadisələri baş verdikdən sonra səsimizi qaldırır, həmrəyliyimizi ifadə edir, terrora qarşı mübarizədə daha mütəşəkkil olmağa çalışırıq. Terrorizmə qarşı mübarizədə itkilərimizdən, kifayət qədər uğurlu olmadığımız barədə düşünürkən ilk növbədə özümüzü günahkar bilməliyik. Çünki bəzən göz qabağında, öz yanımızda olan terrorçunu və terroru nümayişkaranə şəkildə müdafiə edəni sanki görməyərək biz onu mücərrəd uzaqlarda aramağa başlayırıq. Burada Avropa Şurasında mən düz 15 il öncə, 2002-ci il iyunun 14-də 9489 saylı “Azərbaycan Respublikasının işğal altındakı ərazilərində Ermənistanın himayə etdiyi terror təşkilatları” adlı tövsiyyə üçün qətnamə hazırlamış, Parlament Assambleyasını bu problemi ciddi müzakirə etməyə, tədbirlər görməyə çağırmışdım".
R.Hüseynov deyib ki, lakin AŞPA bununla bağlı heç bir addım atmayıb: "O zaman Avropada və dünyada terror hələ indiki kimi geniş qol-qanad açmamışdı. Əgər indiki müdhiş vəziyyətə şahidiksə, o zamankı susqunluğun buna birbaşa təsiri var. Dünyada terroru dəstəkləyən, ona rəvac verən ölkələrin ən fəallarından biri olan Ermənistan Avropa Şurasının üzvüdür. Sual olunur: öz ailəndə sahman yaratmaq istəmədiyin halda sənin beynəlxalq terrorizmə qarşı mübarizədəki səmimiyyətinə necə inanaq?!"
Ermənistanın bilavasitə dövlət terrorizmi ilə məşul olduğu, terrorizmi dövlət səviyyəsində dəstəklədiyini söyləyən azərbaycanlı deputat konkret faktlara müraciət edib: “Ermənistanın dövlət terrorizmi ilə məşğul olmasına dair bir neçə danılmaz faktı diqqətinizə çatdırım. Bunlar əslində bir neçə kitaba sığacaq qədər çoxdur. Avropada, Yaxın və Orta Şərq ölkələrində tərətdiyi çoxsaylı terror aktları ilə məşhur olan “ASALA” (Ermənistanın Xilası Naminə Azadlıq Ordusu) erməni terror təşkilatı 1980-ci illərin sonlarından etibarən fəaliyyət göstərdiyi coğrafiyanı bir qədər də genişləndirərək Cənubi Qafqazı da əhatə etdi. Ermənistanın Azərbaycana təcavüzü başladıqdan sonra Ermənistanın xüsusi xidmət orqanları ilə sıx əməkdaşlıq şəraitində “ASALA” yalnız 1990-cı illərdə Azərbaycan ərazisində 30-dan artıq ağır terror əməliyyatı törədib. Dünyadakı ilk metro terrorizminin də müəllifi “ASALA”dır. Bakıda 1994-cü il iyulun 3-də Ermənistan dövləti və “ASALA”nın birbaşa əməkdaşlığı şəraitində törədilən həmin metro terroru zamanı çox sayda insan həlak olub və yaralanıb. Ermənistanın terrorizmi dövlət səviyyəsində dəstəkləməsinin ən bariz nümunəsi isə Monte Melkonyandır. Dünya terror şəbəkəsinin tanınmış adlarından olan “Adamyeyən” ləqəbli Monte Melkonyan Parisdə törətdiyi terror aktlarına görə Fransa hüquq-mühafizə orqanları tərəfindən 2 dəfə həbs edilib azadlığa çıxdıdan sonra Ermənistana gedib, 1992-ci ilin fevralında azərbaycanlılara qarşı həyata keçirilən qanlı Xocalı soyqırımı zamanı xüsusi terror qrupuna rəhbərlik edib. Yeri gəlmişkən, Xocalı soyqırımında "ASALA" və onun alt-qolları olan “Arabo” və “Aramo” terrorçu qrupları aparıcı rol oynayıblar. Ermənistan dövlətinin bu qəbil terrorçularla birbaşa əlaqəsinin və terrorizmə aşkar dəstəyinin sübutları göz qabağındadır. Monte Melkonyan rəsmən Ermənistanın milli qəhrəmanı elan edilib, sağlığında adına küçə verilib, abidəsi ucaldılıb. Parisdə 15 iyul 1983-cü ildə Orli hava limanında törətdiyi partlayış çoxsaylı fransız, amerkanlı, isveç, türk vətəndaşlarının həlak olması ilə nəticələnən digər beynəlxalq terrorçu Varujan Karapetyana da Ermənistan dövlətinin qayğısı ilə qarşılandı, ona Ermənistanda rahat həyat şəraiti yaradıldı”.
Erməni terror təşkilatlarının indi də işğal altındakı Azərbaycan ərazilərində mövcudluğu məsləsinə toxunan R.Hüseynov bu qüvvələrə qarşı beynəlxalq səviyyədə anti-terror əməliyyatı aparılmasının zəruriliyini AŞPA üzvlərinin diqqətinə çatdırıb: “Bu gün də “ASALA” və digər erməni terror təşkilatları Ermənistan xüsusi xidmət orqanları və ordu birləşmələrinin tərkibinə inteqrasiya olunaraq fəaliyyət göstərməkdədirlər. Ermənistan və onu dəstəkləyən xarici qüvvələrin işğal etdiyi Azərbaycan ərazilərində erməni terror təşkilatlarının bayrağının qaldırılması, 2011-ci ildən bəri Qarabağda, təmas xəttinin Tərtər rayonu istiqamətindəki döyüş mövqelərində “ASALA”nın bayrağının asılması beynəlxalq səviyyədə həmin ərazilərdə antiterror əməliyyatlarının başlanmasına bir mühüm əsasdır”.
Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin digər üzvü Qənirə Paşayeva Ermənistanın dövlət səviyyəsində terroru dəstəklədiyini bəyan edib. O, terrorçuları qəhrəman elan edib, heykəllər qoyan bu ölkəyə qarşı ciddi addımlar atmağa çağırıb: “Avropa Şurasına üzv ölkərin hamısında insanlar terrör hadisələrinin artmasından son dərəcə narahatdır və artıq heç kimsə özünü təhlükəsiz, güvənlikdə hiss etmir. Mən Ermənistan dövləti tərəfindən dəstəklənən çoxlu sayda terror aktlarından əziyyət çəkmiş bir ölkənin təmsilçisi olaraq sizə buna söyləmək istəyirəm: Avropa, Avropa Şurası və AŞPA terrorizmə qarşı mübarizədə ikili standartlara yol verməməlidir, bundan əl çəkilməlidir. Harada, kimlər tərəfindən kimlərə qarşı törədilməsindən asılı olmayaraq etnik və dini ayrıseçkilik etmədən Avropa, Avropa Şurası və AŞPA terrora qarşı sərt mübarizə aparmalıdır. Biz getdikcə daha da artan terror hadisələri ilə, terrorizmlə bilirsinizmi nə zaman daha effektiv mübarizə apara bilərik? Harada, kimlər tərəfindən kimlərə qarşı törədilməsindən asılı olmayaraq terror törədənlərə, təşkil edənlərə, dəsətəkləyənlərə qarşı birgə, ikili standartlara yol vermədən mübarizə apardığımız zaman. Bu məsələdə ikili standartlara yol verilməməlidir və Avropa ölkələri bundan imtina etməlidir.
Mənim ölkəm Azərbaycanda bir neçə il əvvəl Ermənistan dövlətinin təşkil etdiyi terror hadisələri baş verib. Metrolar, avtobuslar, qatarlar terror hadisələrinin hədəfi olub. Çoxlu sayda insanımız həyatını itirib, yaralanıb və əlil olub. Amma bu terror hadisələrini planlaşdıranlar, təşkil edənlər Ermənistan dövləti tərəfindən himayə edilib, qorunub və orada gizlənirlər".