Azərbaycanlı deputat Avropa Şurasını müsəlmanların hüquqlarının müdafiəsini gündəmdə saxlamağa çağırıb

Azərbaycanlı deputat Avropa Şurasını müsəlmanların hüquqlarının müdafiəsini gündəmdə saxlamağa çağırıb Rafael Hüseynov AŞ-nin öhdəsinə bu istiqamətdə böyük vəzifələr düşdüyünü söyləyib
Xarici siyasət
26 İyun , 2017 21:46
Azərbaycanlı deputat Avropa Şurasını müsəlmanların hüquqlarının müdafiəsini gündəmdə saxlamağa çağırıb
Report

Strasburq. 26 iyun. REPORT.AZ/ Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yay sessiyasının ilk iş günündə artıq ənənə halını almış “Suallar saatı”ında Baş Katib Torbyorn Yaqland deputatların qaldırdığı bir sıra aktual problemlərlə bağlı təşkilatın apardığı işlər barədə məlumat verib.

"Report"un Fransa bürosu xəbər verir ki, AŞPA üzvü Rafael Hüseynov Avropa və dünyada getdikcə artan islamofobiya, diskriminasiya və bu kimi təmayüllərlə mübarizənin qüvvətləndirilməsi zəruriyyətinə diqqət yönəldərək Avropa Şurasının öhdəsinə bu istiqamətdə böyük vəzifələr düşdüyünü söyləyib.

Avropa Şurası baş katibinin bu qədər həssas məsələləri daim gündəliyinin ən vacib problemləri sırasında saxlanmasının vacibliyini bildirən deputat Rafael Hüseynov belə bir sualla müraciət edib:

“Avropa Şurası baş katibinin demokratiya, insan hüquqları və qanunun aliliyi ilə bağlı son hesabatında islamofobiya və onun artması daxil olmaqla, müxtəlif əhali qruplarına qarşı dözümsüzlük, ayrı-seçkilik və nifrət səviyyəsinin artması vurğulanırdı. Bu bir həqiqətdir ki, Avropa Şurasına üzv olan ölkələrində yaşayan müsəlmanlar getdikcə daha artıq anti-müsəlman duyğuları ilə qarşılaşır və terrorçuların törətdikləri hücumlara məruz qalırlar. İslamofobiyanın yüksəlməsi və anti-müsəlman nifrət təzahürlərinin artması, baş katibin hesabatında da bunların əks etdirilməsi Avropa Şurası tərəfindən problemə daha qətiyyətli tədbirlər görməsini tələb edir. Bütün bunları nəzərə alaraq Avropa Şurası baş katibi tərəfindən tolerantlığın müdafiəsi, ayrıseçkiliyə və onun müxtəlif təzahürlərinə qarşı mübarizə məsələlərinin təşkilatın gündəliyində yüksək səviyyədə saxlanılması üçün hansı tədbirlər nəzərdə tutulur?”

Baş katib azərbaycanlı deputatla tam şərik olduğunu bildirərək Avropa Şurasında bu istiqamətdə sistemli iş aparıldığını qeyd edib. T.Yaqland həmin problemi bilavasitə nəzarətində saxladığını, kompleks tədbirlər planı barədə düşündüyünü, Avropada daha sağlam birgəyaşayış mühitinin bərqərar olmasından ötrü maarifləndirmə fəaliyyətlərinin gücləndirilməsinə ehtiyac olduğunu bildirib.

Baş katib məktəblərində tədris vəsaiti kimi istifadə olunması tövsiyyə ediləcək bir toplunun hazırlandığını xəbər verib. Baş katib həmin kitabda islamafobiya, qeyri-tolerant yanaşmalar, diskriminasiya hallarının aradan qaldırılmasına, Avropa insanlarının islam dini, onun adət və ənənələri haqqında məlumatların yer alacağını vurğulayıb.

T.Yaqland Avropada bütün xalqlar və dinlərin, o cümlədən bu cəmiyyətin ayrılmaz parçası olan müsəlmanların hüquqlarının qorunmasına daim Avropa Şurasının xüsusi diqqət ayıracağını da bildirib.

Son xəbərlər

Orphus sistemi