Azərbaycanlı deputat AŞPA və Avropa Şurasını Ermənistana ciddi təzyiq göstərməyə çağırıb

Azərbaycanlı deputat AŞPA və Avropa Şurasını Ermənistana ciddi təzyiq göstərməyə çağırıb Avropa Məhkəməsinin qərarları üzv ölkələrdə icra olunmalıdır. Amma Ermənistanın keçmiş rəhbərliyi Avropa İnsan Haqları Məhkəməsinin “Çıraqov və başqaları Ermənistana qarşı” adlı qərarını yerinə yetirməkdən imtina etdi.
Xarici siyasət
25 İyun , 2019 20:46
Azərbaycanlı deputat AŞPA və Avropa Şurasını Ermənistana ciddi təzyiq göstərməyə çağırıb

"Avropa Məhkəməsinin qərarları üzv ölkələrdə icra olunmalıdır. Amma Ermənistanın keçmiş rəhbərliyi Avropa İnsan Haqları Məhkəməsinin “Çıraqov və başqaları Ermənistana qarşı” adlı qərarını yerinə yetirməkdən imtina etdi". 

"Report"un Fransa bürosunun məlumatına görə, bu fikirləri Azad Demokratlar Qrupunun vitse-prezidenti, azərbaycanlı deputat Qənirə Paşayeva AŞPA-nın yay sessiyasında çıxışı zamanı bildirib. 

"Təəssüf ki, bu qərarın yerinə yetirilməsi üçün Avropa Şurasının qurumları da ciddi addımlar atmadı və Ermənistanın sabiq rəhbərliyinə heç bir ciddi təzyiq göstərmədilər. Çox təəssüf ki, Ermənistanın yeni rəhbərliyi də bu qərarın icrası üçün heç bir ciddi addım atmır. Bu məsələ Avropa Şurası Parlament Assambleyasını ciddi narahat etməlidir. “Çıraqov və başqaları Ermənistana qarşı” adlı qərarın qəbulundan uzun zaman keçir və onun yerinə yetirilməsi üçün AŞPA, AŞ qurumları Ermənistana ciddi təsir və təzyiqlər göstərməlidir. Bu məsələlərə yanaşmada ikili standartlar olmamalıdır. Öz evinə dönə bilməyən azərbaycanlı məcburi köçkünlər AŞPA-nı bu məsələlərdə daha həssas olmağa çağırır. Onlar sizi eyni zamanda AŞPA-nın qəbul etdiyi 1416 saylı qətnamənin yerinə yetirilməsi istiqamətində də Ermənistana təzyiq göstərməyə çağırır. Bu qətnamənin qəbulundan 10 ildən çox zaman keçir. Amma Ermənistan hələ də bu qətnaməni yerinə yetirməkdən imtina edir və azərbaycanlı məcburi köçkünlərin öz evlərinə dönməsinə imkan vermir. Mən həmçinin başqa bir vacib məsələni də səsləndirmək və AŞPA-nı bu istiqamətdə də ciddi addımlar atmağa çağırıram. Bir müddən əvvəl AŞPA Sərsəng su anbarı ilə bağlı 2085 saylı qətnamə qəbul etmişdi. Həmin qətnamədə AŞPA Ermənistandan tələb edirdi ki, su ehtiyatlarından siyasi təsir və təzyiq kimi istifadə etməyə son qoysun. Amma Ermənistan bu günə qədər bu qətnamənin də həyata keçirilməsi üçün heç bir addım atmır və on minlərlə azərbaycanlı, əhalinin sıx yaşadığı bir neçə region bundan ciddi əziyyət çəkməkdə davam edir. Biz AŞPA-nı bu məsələyə də daha böyük diqqət yetirməyə, qəbul etdiyi qətnamənin yerinə yetirilməsi istiqamətində daha sərt mexanizmlərə əl atmağa və onun icrası üçün Ermənistana təzyiq göstərməyə çağırırıq", - deyə o qeyd edib.

Azərbaycanlı deputat vurğulayıb ki, Azərbaycanın AŞPA-dakı nümayəndə heyəti və Azərbaycanın Avropa Şurası yanında Daimi Nümayəndəliyi yaz sessiyasi çərçivəsində Azərbaycanın işğal altındakı torpaqlarında vəziyyətlə bağlı tədbir keçirdi və dəhşətli faktları fotolarla təqdim etdi: "AŞPA Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərində tarixi-mədəni, dini abidələrin, qəbiristanlıqların dağıdılmasına biganə qalmamalıdır, öz etiraz səsini ucaltmalı və bu dəhşətli vəziyyətə son qoymaq üçün Ermənistana təzyiq etməlidir. Biz sizi Azərbaycanla bərabər dünya mədəniyyətinin də bir parçası olan abidələrin məhv edilməsinə ciddi etiraz səslərinizi ucaltmağa çağırırıq".

"Aprelin 2-də Azərbaycanın böyük bölgələrindən biri olan Kəlbəcərin işğalından 26 il keçdi. Mayın 8-i isə qədim Şuşa şəhərinin işğalının 27-ci ili tamam oldu. Evlərinə dönə bilməyən bütün azərbaycanlı məcburi köçkünlər onların pozulan haqlarının müdafiəsi istiqamətində sizdən daha fəal mövqe, bu istiqamətdə səylərinizi daha da artırmanızı gözləyirlər. İnsan haqlarının müdafiəsi dəyərlərinin qorunması prinsipləri üzərində qurulan AŞPA həmin insanların səsini dinləməli və onların öz evlərinə dönə bilməsinə dəstək olmalıdır". - deyə Q.Paşayeva qeyd edib

Son xəbərlər

Orphus sistemi