Azərbaycanla Panama arasında anlaşma memorandumu imzalanıb

Azərbaycanla Panama arasında anlaşma memorandumu imzalanıb Elmar Məmmədyarov Panamaya rəsmi səfəri çərçivəsində bu ölkənin vitse-prezidenti və xarici işlər naziri İsabel de Sant Malo de Alvarado ilə görüşüb
Xarici siyasət
6 Oktyabr , 2015 09:40
Azərbaycanla Panama arasında anlaşma memorandumu imzalanıb

Bakı. 6 oktyabr. REPORT.AZ/ Azərbaycan və Panama xarici işlər nazirlikləri arasında ikitərəfli məsləhətləşmələr haqqında anlaşma memorandumu imzalanıb.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, sənəd Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun Panamaya rəsmi səfəri çərçivəsində imzalanıb. 

E.Məmmədyarov Panamaya rəsmi səfəri çərçivəsində bu ölkənin vitse-prezidenti və xarici işlər naziri İsabel de Sant Malo de Alvarado ilə görüşüb.

Panamanın xarici işlər naziri azərbaycanlı həmkarını ölkəsində görməkdən məmnun olduğunu bildirərək bu rəsmi səfərin iki ölkə arasında əməkdaşlığın inkişafına önəmli töhfə verəcəyinə əminliyini ifadə edib.

Ölkəsinin Azərbaycan ilə əlaqələrin inkişafında maraqlı olduğunu deyən xanım İsabel de Sant Malo de Alvarado iki ölkənin xarici işlər nazirlikləri arasında siyasi məsləhətləşmələrə dair imzalanacaq sənədin ikitərəfli siyasi dialoq mexanizminin təsis edilməsinə xidmət edəcəyini nəzərə çatdırıb.

Nazir E.Məmmədyarov Azərbaycanın xarici siyasətində Mərkəzi və Cənubi Amerika dövlətləri ilə əlaqələrin hərtərəfli inkişafına mühüm əhəmiyyət verdiyini qeyd edib. O, Azərbaycan və Panama arasında mövcud əməkdaşlığın enerji və sərmayələr də daxil olmaqla, digər sahələrə də sirayət etməsinin vacibliyini diqqətə çatdırdı. Bu sahələrdə əməkdaşlığın hüquqi çərçivəsinin yaradılması üçün müvafiq hökumətlərarası sənədlərin imzalanmasının və ümumiyyətlə, iki ölkə arasında müqavilə-hüquq bazasının inkişaf etdirilməsinin zəruriliyini bildirib.

Elm-təhsil, təlim və digər humanitar sahələrdə əməkdaşlıq üçün əlverişli imkanların olduğunu deyən E.Məmmədyarov "ADA" Universiteti və Panamanın diplomatik institutu arasında təmasların yaradılmasının səmərəli olacağını qeyd edib.

Bakı-Tbilisi-Qars dəmir yol xətti, yeni tikilmiş Bakı Beynəlxalq Dəniz Ticarət Limanı və ölkəmizin nəqliyyat infrastruktur imkanları haqqında məlumat verən E.Məmmədyarov bu layihələr vasitəsilə qədim İpək Yolu boyunca yük daşımalarının və iqtisadi-ticarət əlaqələrinin əsaslı şəkildə artacağını deyib.

Ölkəsində əlverişli investisiya mühitinin yaradıldığını deyən panamalı nazir Azərbaycanın Panama üçün arzuolunan tərəfdaş olduğunu vurğulanıb.

Ermənistan-Azərbaycan münaqişəsinin həlli istiqamətində aparılan danışıqlara toxunan E.Məmmədyarov Panamanın bu münaqişə ilə əlaqədar beynəlxalq hüququn prinsipləri əsasında tutduğu ədalətli mövqeyinə və Panama Parlamenti tərəfindən Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə dəstəyi təsdiqləyən, eləcə də Xocalı soyqırımını tanıyan qətnamənin qəbuluna görə təşəkkürünü ifadə edib.

Münaqişənin həlli ilə əlaqədar BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi dörd qətnamədə işğalçı qüvvələrin dərhal, tam və qeyd-şərtsiz bütün işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmasının tələb edildiyini deyən nazir Ermənistanın buna məhəl qoymadığını və münaqişənin həllinə maneələr yaratdığını vurğulayıb.

E.Məmmədyarov Ermənistanın işğal və təcavüzə əsaslanan mövcud status kvonu davam etdirmək siyasəti yürütdüyünü qeyd edərək, etimad quruculuğu tədbirləri məsələsinin Ermənistan tərəfindən siyasi möhtəkirlik obyektinə çevrildiyini söyləyib. O əlavə edib ki, Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin erməni və azərbaycanlı icmaları arasında təmasların qurulması kimi praktiki etimad quruculuğu tədbirlərinin nəticələri Ermənistan hakimiyyətinin maraqlarına cavab vermədiyi üçün hər bir vəchlə rəsmi Yerevan buna imkan vermir.

Panamalı nazir ölkəsi üçün dövlətlərin ərazi bütövlüyü və suverenliyinin vacib prinsiplər olduğunu diqqətə çatdırıb.

Nazir E.Məmmədyarov panamalı həmkarını Azərbaycana səfərə dəvət etdi.

Son xəbərlər

Orphus sistemi