Bakı. 18 noyabr. REPORT.AZ/ Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Birləşmiş Ərəb Əmirliklərinin iqtisadiyyat naziri və Azərbaycan Respublikası ilə Birləşmiş Ərəb Əmirlikləri arasında iqtisadi, ticarət və texniki əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın həmsədri Sultan Bin Səid Əl Mansurinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Azərbaycan XİN-in mətbuat xidmətindən "Report"a verilən məlumata əsasən, görüşdə iki ölkə arasında siyasi əlaqələrin mövcud inkişaf səviyyəsinin məmnunluq doğurduğu vurğulanıb.
Görüşdə qarşılıqlı faydalı əməkdaşlıq əsasında iqtisadi-ticarət əlaqələrinin dinamik surətdə inkişafının sevindirici hal olduğu qeyd edilib. Həmçinin iki ölkənin malik olduğu zəngin potensiala uyğun olaraq, ticarət dövriyyəsinin daha da artırılması üçün əlverişli imkanların olduğu vurğulanıb. Bu xüsusda Birgə Hökumətlərarası Komissiyanın əhəmiyyətli rola malik olduğu diqqətə çatdırılıb.
Görüşdə kənd təsərrüfatı və ərzaq təhlükəsizliyi, turizm, birgə investisiya layihələri, nəqliyyat və yük daşımaları sahəsində əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparılıb.