Yuxarı

Azərbaycanın XİN başçısı Praqada bir sıra ikitərəfli görüşlər keçirib

Xarici siyasət orqanlarının rəhbərləri Aİ-Azərbaycan Strateji Tərəfdaşlıq Saziş layihəsini dəstəklədiklərini bildirib

Bakı. 5 may. REPORT.AZ/ Vışeqrad Qrupu və Şərq Tərəfdaşlığı ölkələrinin xarici işlər nazirlərinin Praqada keçirilmiş toplantısında iştirak etmək məqsədilə xarici işlər naziri Elmar Məmmədyarov Çexiyaya səfər edib.

Bu barədə "Report"a Azərbyacn XİN-in mətbuat xidmətindən məlumat verilib.

Nazir E.Məmmədyarov Vışeqrad Qrupu və Şərq Tərəfdaşlığı ölkələrinin xarici işlər nazirlərinin toplantısında çıxış edib. Çıxışı ərzində E.Məmmədyarov Şərq tərəfdaşlığı çərçivəsində Avropa İttifaqı və Azərbaycan arasındakı münasibətlər haqqında söhbət açıb, Vişeqrad Qrupu ilə əməkdaşlıq məsələlərinin əhəmiyyətinə toxunub. Aİ üzv ölkələri arasında strateji tərəfdaşların sayının artmasının Azərbaycanı eyni şərtlər altında Aİ ilə dialoqu inkişaf etdirməyə ruhlandırdığı qeyd olunub. Azərbaycanın Riqa Şərq Tərəfdaşlığı sammitində Aİ-Azərbaycan Strateji Tərəfdaşlıq Saziş layihəsini təqdim etdiyi, bu sazişin ikitərəfli əlaqələri keyfiyyətcə yeni strateji tərəfdaşlıq səviyyəsinə qaldıracağı və Aİ-Azərbaycan əməkdaşlığının gələcəyi üçün daha yaxşı platforma rolunu oynayacağı vurğulanıb.

E.Məmmədyarov tədbir çərçivəsində Çexiya, Macarıstan, Gürcüstan, Moldova, Belarus xarici işlər nazirləri, habelə İsveçin dövlət naziri və Niderland Krallığının xarici işlər nazirinin müavini ilə ikitərəfli görüşlər keçirib. E.Məmmədyarovun keçirdiyi görüşlər ərzində Ermənistan-Azərbaycan münaqişəsi, regional təhlükəsizlik məsələləri, Azərbaycan-Avropa İttifaqı arasındakı əməkdaşlıq münasibətlərinin müxtəlif aspektləri müzakirə edilib. Çexiya və Macarıstan xarici siyasət orqanlarının rəhbərləri Aİ-Azərbaycan Strateji Tərəfdaşlıq Saziş layihəsini dəstəklədiklərini və ölkəmizi Vışeqrad Qrupu və Şərq Tərəfdaşlığı platforması çərçivəsində dəstəkləməyə hazır olduqlarını qeyd ediblər.        

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi