Yuxarı
    Bağlamaq

    Azərbaycanın XİN başçısı iranlı nazirlə Şimal-Cənub nəqliyyat dəhlizinin tikintisi məsələsini müzakirə edib

    Elmar Məmmədyarov Mahmud Vaezi ilə görüşüb

    Bakı. 28 dekabr. REPORT.AZ/ Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov İranın rabitə və informasiya texnologiyaları naziri, Azərbaycan və İran arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının həmsədri Mahmud Vaezinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

    Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, görüşdə Azərbaycanla İran arasında əməkdaşlığın bütün sahələrdə uğurla inkişaf etdirilməsindən, o cümlədən iki ölkə arasında ticarət dövriyyəsinin və sərmayə qoyuluşunun artımı, habelə kənd təsərrüfatı, nəqliyyat, turizm, sənaye və digər istiqamətlərdə uğurlu inkişafdan məmnunluq ifadə olunub.

    Mahmud Vaezi Dövlət Komissiyanın fəaliyyəti və əldə olunan nailiyyətlər barədə məlumat verib, İranın bütün sahələrdə Azərbaycan ilə əməkdaşlığı dərinləşdirmək niyyətində olduğunu vurğulayıb. 

    E.Məmmədyarov iki ölkənin dövlət başçılarının iradəsinə, müəyyən etdikləri strateji xəttə və iki xalqın ənənəvi dostluğuna uyğun olaraq Azərbaycanın da İranla bütün sahələrdə əməkdaşlığı daha da inkişaf etdirməkdə maraqlı olduğunu bildirib və Dövlət Komissiyasının işini, xüsusilə Mahmud Vaezinin fəaliyyətini yüksək qiymətləndirib.

    Görüşdə Şimal-Cənub nəqliyyat dəhlizinin tikintisi istiqamətində hazırda görülən işlər, layihənin əhəmiyyətindən söz açılıb və bu layihənin regionlararası əməkdaşlığın inkişafına mühüm töhfə verəcəyinə əminlik ifadə edilib. Tərəflər bu ilin avqustunda Bakıda keçirilən Azərbaycan-İran-Rusiya dövlət başçılarının üçtərəfli görüşünün əhəmiyyətini qeyd edərək, bu formatda İranda keçiriləcək növbəti görüşü müzakirə ediblər.

    Regional məsələləri müzakirə edən nazirlər, terrorizmə qarşı birgə mübarizə və informasiya mübadiləsinin vacibliyini vurğulayıblar və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi