Azərbaycanın XİN başçısı Pakistan Milli Assambleyasının sədri ilə görüşüb

Azərbaycanın XİN başçısı Pakistan Milli Assambleyasının sədri ilə görüşüb İyulun 28-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Pakistan Milli Assambleyasının sədri Əsəd Qeysər ilə görüşüb.
Xarici siyasət
209
28 İyul , 2021 11:59
Azərbaycanın XİN başçısı Pakistan Milli Assambleyasının sədri ilə görüşüb

İyulun 28-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ölkəmizdə rəsmi səfərdə olan Pakistan İslam Respublikasının Milli Assambleyasının sədri Əsəd Qeysərin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

“Report” xəbər verir ki, Pakistan Milli Assambleyasının sədri Azərbaycanın ərazilərini azad etməsi münasibətilə təbriklərini çatdırıb, Pakistan xalqının bu qələbəni Azərbaycan xalqı ilə birgə qeyd etdiyini vurğulayıb.

O, Pakistanın Azərbaycanın beynəlxalq hüquqa əsaslanan mövqeyini, Azərbaycanın ərazi bütövlüynü hər zaman dəstəklədiyini qeyd edib. Ə.Qeysər Azərbaycan, Pakistan və Türkiyə parlamentlərinin sədrləri arasında ilk üçtərəfli görüşdə iştirakından məmnunluq duyduğunu söyləyib. Ölkələrimiz arasında parlament istiqamətində əməkdaşlığı, hər iki tərəfdən parlament dostluq qruplarının fəaliyyətinin müsbət təcrübəsinə istinad edən sədr bu əməkdaşlığın gələcəkdə daha da genişləndirilməsinin ölkələrimiz arasındakı münasibətlərin inkişafına müsbət töhfə verəcəyini vurğulayıb. Pakistan Milli Assambleyasının sədri həmçinin Azərbaycanın İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində Cəmmu və Kəşmir üzrə Kontakt Qrupu çərçivəsində fəal iştirakını qeyd edib.

C.Bayramov səmimi təbriklərinə görə Pakistan Milli Assambleyasının sədrinə təşəkkürünü bildirib. O, bu ilin əvvəlində İslamabadda keçirilən üç ölkənin xarici işlər nazirlərinin görüşünə istinad edərək üçtərəfli formatda keçirilən toplantıların qardaş ölkələr arasında əlaqələrin inkişafına ciddi töhfə verdiyini vurğulayıb. Azərbaycanın Cəmmu və Kəşmir məsələsinin beynəlxalq hüququn norma və prinsiplərinə, BMT TŞ-nin müvafiq qətnamələrinə uyğun olaraq həllini dəstəklədiyini qeyd edib. Nazir səfər çərçivəsində Pakistan Milli Assambleyası nümayəndə heyətinin Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşaya gedərək oradakı vəziyyətlə və ümumiyyətlə, azad olunmuş ərazilərdəki dağıntıların miqyası ilə tanış olmaq imkanını qeyd edib. Nazir qarşı tərəfə hazırkı post-münaqişə mərhələsi, azad olunmuş ərazilərdəki mina təhlükəsi, həyata keçilən bərpa və quruculuq işləri barədə ətraflı məlumat verib. Ermənistan tərəfindən hələ də destruktiv mövqe nümayiş edildiyini vurğulayan nazir qarşı tərəfin son zamanlar sərhəd bölgəsində vəziyyəti gərginləşdirmək cəhdlərini qınayıb və Ermənistanı təxribatlardan əl çəkərək iki dövlətin sərhədinin delimitasiyası üzrə danışıqlara başlamasının regional sülh və təhlükəsizliyin təmin olunması baxımından vacib olduğunu bildirib.

Tərəflər habelə Azərbaycan və Pakistan arasında iqtisadi, ticarət, humanitar, enerji, nəqliyyat və s. sahələrdə əməkdaşlığın inkişafı üzrə fikir mübadiləsi aparıblar. Görüşdə həmçinin regional təhlükəsizlik məsələləri, iqlim dəyişikliyi üzrə müzakirələr edilib.

Son xəbərlər

Orphus sistemi