Nyu Yorkda
Xarici İşlər Nazirliyindən "Report"a verilən məlumata görə, E.Məmmədyarov Azərbaycanın ATƏT ilə əməkdaşlığa verdiyi mühüm əhəmiyyəti baş katibin diqqətinə çatdırdı. Tərəflər ATƏT-Azərbaycan əməkdaşlıq gündəliyinin müxtəlif məsələləri, o cümlədən Azərbaycanın iştirakı ilə həyata keçirilən və ATƏT məkanında iqtisadi inkişafa töhfə verən layihələr üzrə fikir mübadiləsi apardılar. Görüşdə, həmçinin ATƏT-lə Azərbaycan arasında mövcud əməkdaşlıq proqramları nəzərdən keçirilib.
E.Məmmədyarov Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərində qanunsuz mövcudluğunun regional sülh və təhlükəsizliyə başlıca təhdid olduğunu qeyd etdi. Daha sonra xarici İşlər naziri Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişənin həlli prosesinin mövcud vəziyyəti, o cümlədən Minsk Qrupunun həmsədrləri ilə Nyu Yorkda baş tutmuş ən son görüş barədə həmsöhbətinə ətraflı məlumat verib.
Nazir münaqişənin beynəlxalq hüququn norma və prinsipləri, Helsinki Yekun Aktı və BMT TŞ-ın müvafiq qətnamələri əsasında, eləcə də ATƏT və digər təşkilatların qərar və qətnamələrinə uyğun olaraq həllinin vacibliyini vurğulayıb. Bölgədə dayanıqlı sülh və təhlükəsizliyə, eləcə də tərəqqiyə nail olmaq üçün münaqişənin həllinin vacib şərt olduğunu bildirib.
Tərəflər həmçinin qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.