Azərbaycanın və Laos XİN-ləri arasında memorandum imzalanıb

Azərbaycanın və Laos XİN-ləri arasında memorandum imzalanıb Elmar Məmmədyarov Laosun xarici işlər naziri Salımsay Kommasitlə görüşüb
Xarici siyasət
15 Sentyabr , 2017 15:30
Azərbaycanın və Laos XİN-ləri arasında memorandum imzalanıb
Azərbaycan XİN

Bakı. 15 sentyabr. REPORT.AZ/ Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Laosa rəsmi səfəri çərçivəsində bu ölkənin xarici işlər naziri Salımsay Kommasitlə görüşüb.

Azərbaycanın XİN-dən "Report"a verilən məlumata görə, E.Məmmədyarov həmkarının bu ilin iyununda Bakıya rəsmi səfərini məmnunluqla xatırlayaraq qarşılıqlı səfərlərin ikitərəfli münasibətlərin, xüsusilə də siyasi dialoqun inkişaf etdirilməsində əhəmiyyətli rol oynadığını qeyd edib.

O, iki ölkənin Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələr mexanizminin yaradılmasının vacib platforma olacağına ümidvar olduğunu əlavə edib.

E.Məmmədyarov iki ölkə arasında iqtisadi sahədə əməkdaşlıq imkanlarını dəyərləndirərək, nəqliyyat, enerji, kənd təsərrüfatı sahəsini xüsusilə qeyd edib. Azərbaycanın iştirakçısı və təşəbbüskarı olduğu irimiqyaslı enerji, infrastruktur və nəqliyyat layihələri barəsində danışan nazir Laos tərəfinə Şimal-Cənub dəhlizinin potensialının nəzərdən keçirilməsini təklif edib.

E.Məmmədyarov Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi və münaqişə üzrə danışıqlar prosesinin son statusu barədə həmkarını məlumatlandırıb və S.Kommasitin Azərbaycana səfəri zamanı imzalanan birgə mətbuat açıqlamasında da qeyd edildiyi kimi, münaqişənin sülh yolu ilə, beynəlxalq hüququn norma və prinsipləri, eləcə də BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun olaraq, dövlətlərin suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı əsasında həll edilməli olduğunu bir daha bəyan edib.

Salımsay Kommasit Bakıya rəsmi səfəri və Azərbaycan haqqında xoş təəssüratlarını bölüşərək, Laosun Azərbaycanla əməkdaşlığın inkişaf etdirilməsində, xüsusilə enerji sahəsində Azərbaycanın zəngin təcrübəsindən faydalanmaqda maraqlı olduğunu bildirib.

Təhsil sahəsində iki ölkə arasında əməkdaşlıq ənənələrinin mövcud olduğunu bildirən Salımsay Kommasit bu sahədə əlaqələrin davam etdirilməsinin arzuolunan olduğunu vurğulayıb. 

Görüşdə həmçinin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq, müqavilə-hüquq bazasının genişləndirilməsi və digər məsələlər barəsində geniş fikir mübadiləsi aparılıb.

E.Məmmədyarov Azərbaycanın 2019-2022-ci illərdə Qoşulmama Hərəkatına sədrlik edəcəyini və 2019-cu ildə QH-nın XVIII zirvə toplantısının Bakıda keçiriləcəyini qeyd edərək bu çərçivədə də iki ölkə arasında əməkdaşlıq üçün geniş imkanların olduğunu diqqətə çatdırıb.

Nazirlər “Laos Xalq Demokratik Respublikasının Xarici İşlər Nazirliyi və Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi arasında Anlaşma və Əməkdaşlıq haqqında Memorandum”u imzalayıblar. 

Son xəbərlər

Orphus sistemi