Azərbaycanın Türkiyədəki səfiri: "TANAP layihəsi vaxtından əvvəl həyata keçiriləcək"

Azərbaycanın Türkiyədəki səfiri: "TANAP layihəsi vaxtından əvvəl həyata keçiriləcək" Faiq Bağırov: "Ötən ilin iyul ayından bəri TANAP layihəsi heç bir problem olmadan inkişaf edir"
Xarici siyasət
18 Yanvar , 2016 11:25
Azərbaycanın Türkiyədəki səfiri: TANAP layihəsi vaxtından əvvəl həyata keçiriləcək

Bakı. 18 yanvar. REPORT.AZ/ "TANAP layihəsi qazın Türkiyəyə çatdırılması və Avropanın enerji təhlükəsizliyini təmin edilməsi üçün nəzərdə tutulub".

"Report"un məlumatına görə, bu sözləri Azərbaycanın Türkiyədəki səfiri Faiq Bağırov qardaş ölkənin "Daily Sabah" nəşrinə müsahibəsində deyib.

"Layihə siyasi qərarın və hökumətimizin dəstəyinin nəticəsidir. Layihə "Şahdəniz-2" yatağından təbii qazın Türkiyə ərazisindən keçməklə Avropaya nəqlini nəzərdə tutur. Başqa sözlə, məqsəd qazı Türkiyəyə çatdırmaq və Avropanın enerji təhlükəsizliyini təmin etməkdir", - F.Bağırov bildirib.

O, ötən ilin iyul ayından bəri TANAP layihəsinin heç bir problem olmadan inkişaf etdiyini, infrastruktur üçün materialların 80%-nin Türkiyə şirkətləri tərəfindən təmin edildiyini bildirib: "Hesab edirik ki, TANAP layihəsi vaxtından əvvəl həyata keçiriləcək".

Türkiyə-Rusiya münasibətlərində yüksələn gərginliyin Azərbaycana təsiri barədə sualı cavablandıran səfir belə halların region ölkələri, o cümlədən Türkiyə və Rusiyaya fayda gətirmədiyini qeyd edib.

O, Türkiyə-Rusiya münasibətlərinin pisləşməsinin düz Türkiyənin baş naziri Əhməd Davudoğlunun Azərbaycana rəsmi səfəri ərəfəsində baş verdiyini xatırladıb: "Baş nazir Davudoğlu ilə görüşdə Prezident İlham Əliyev Azərbaycanın bu məsələdəki mövqeyini aydın ifadə edib. Türkiyə ilə Azərbaycan arasında strateji tərəfdaşlıq Azərbaycanın mövqeyini də ortaya qoyur. Dövlət başçımız hər zaman bütün məsələlərdə Türkiyənin yanında olacağımızı söyləyib. Ümid edirik ki, Türkiyə və Rusiyada siyasi iradə qalib gələcək və beləcə regionun ən nüfuzlu dövlətlərindən olan iki ölkə arasında münasibətlər bərpa ediləcək".

Azərbaycan və Türkiyə arasında hərbi əməkdaşlıq məsələsini şərh edən səfir bildirib ki, bu sahədə əlaqələrin səviyyəsi həmişə yüksək olacaq.

Diplomat hər iki ölkənin müdafiə sənayesinin əməkdaşlıq halında işlədiyini və bu əlaqələri daha da inkişaf etdirmək niyyətində olduqlarını vurğulayıb.

Son xəbərlər

Orphus sistemi