Yuxarı
    Bağlamaq

    Azərbaycanın Türkiyədəki səfiri Mersində bir sıra görüşlər keçirib

    Səfir Mersinə “Koroğlu” operasının premyerasında iştirak etmək məqsədilə gedib

    Bakı. 9 yanvar. REPORT.AZ/ Ötən gün Azərbaycanın Türkiyədəki səfiri Faiq Bağırov dahi bəstəkar Üzeyir Hacıbəylinin Mersin Dövlət Opera və Balet Teatrında səhnələşdirilmiş “Koroğlu” operasının premyerasında iştirak etmək məqsədilə Mersin şəhərində olub.

    Səfirlikdən “Report”a verilən məlumata görə, səfər çərçivəsində F.Bağırov Mersinin qubernatoru Özdəmir Çakacak, Mersin Böyükşəhər Bələdiyyəsinin sədri Burhanettin Kocamaz və Tarsus rayon bələdiyyəsinin sədri Şevket Can ilə ayrı-ayrılıqda görüşlər keçirib.

    “Koroğlu” operasının Mersində Dövlət Opera və Balet Teatrı tərəfindən səhnələşdirilməsinin iftixar doğuran bir hadisə olduğunu qeyd edən səfir, bunu Azərbaycan-Türkiyə arasındakı qardaşlıq münasibətlərinə daha bir nümunə kimi dəyərləndirib. Səfir Faiq Bağırov “Koroğlu” operasının səhnələşdirilməsi istiqamətində uzunmüddətli hazırlıq işlərinin görüldüyünü və səfirliyin təşəbbüsü nəticəsində Mersin Dövlət Opera və Balet Teatrının 2015-2016-cı illər üçün repertuarına daxil edildiyini diqqətə çatdırıb.

    Görüşlər müddətində iki ölkə arasında münasibətlərin inkişafında Tarsus rayonunun xüsusi rolu qeyd olunub və 2011-ci ildə həmin rayonda ümummilli lider Heydər Əliyevin adına körpünün, 2015-ci ildə isə ulu öndərin xatirəsinə tikilmiş parkın və onun abidəsinin açılış mərasimləri keçirildiyi diqqətə çatdırılıb.

    Türkiyə-Azərbaycan qardaşlıq münasibətlərinin inkişafının xalqımızın mənəvi sifarişi olduğunu diqqətə çatdıran Mersin şəhərinin rəhbər şəxsləri, Azərbaycan mədəniyyətinin ayrı-ayrı nümunələrinin, o cümlədən dahi bəstəkar Üzeyir Hacıbəylinin əsərlərinin Türkiyədə tanıdılmasının əhəmiyyətindən bəhs ediblər.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi