Yuxarı

Azərbaycan səfirliyi Budapeştdə təşkil olunan xeyriyyə yarmarkasında iştirak edib

Tədbirə Vilayət Quliyevin xanımı da qatılıb

Bakı. 1 dekabr. REPORT.AZ/ Macarıstanda akkreditə olunmuş diplomatların xanımlarının təmsil olunduğu Diplomat Xanımları Budapeşt Təşkilatının təşəbbüsü ilə yeni il qabağı sayca beşinci xeyriyyə yarmarkası təşkil edilib.

Azərbaycanın Macarıstandakı səfirliyindən "Report"a verilən məlumata görə, tədbir Macarıstan prezidentinin xanımı Anita Herseqin himayədarlığı altında keçirilib. Tədbirdə 40-dan çox ölkənin səfirlikləri, müxtəlif mədəniyyət mərkəzləri və digər qurumlar iştirak ediblər.

Azərbaycanın Macarıstandakı səfirinin xanımı Şəhla Vəzirovanın, diplomat xanımlarının və Budapeştdəki Azərbaycan icması təmsilçilərinin fəal iştirakı ilə Azərbaycan milli mətbəxinin, tətbiqi-dekorativ sənət nümunələrinin xeyriyyə məqsədilə satışı və tanıdılması təşkil edilib.

Tədbir çərçivəsində modelyer-dizayner Leyla Cəbrayıl qızının Azərbaycan qadın milli geyimlərindən ibarət kolleksiyası milli musiqimizin sədaları altında tamaşaçıların diqqətinə təqdim edilib və böyük rəğbətlə qarşılanıb. Nümayişi izləyən və xoş təəssüratlarını dilə gətirən prezident xanımı A.Herseq Azərbaycan stendi ilə yaxından tanış olub.

Yarmarka zamanı Azərbaycan səfirliyi də daxil olmaqla, müxtəlif ölkələrin səfirlikləri tərəfindən satışa çıxarılan suvenir və milli mətbəx nümunələrinin satışından əldə edilən vəsait 3 müxtəlif yardım fonduna köçürülüb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi