Yuxarı
    Bağlamaq

    Azərbaycanın səfirlik və konsulluqlarında ticarət nümayəndələri təyin olunacaq

    Prezident İlham Əliyev bununla bağlı fərman imzalayıb

    Bakı. 26 yanvar. REPORT.AZ/ Prezident İlham Əliyev Azərbaycan Respublikasının xarici ölkələrdə fəaliyyət göstərən səfirlik və konsulluqlarında ticarət nümayəndələrinin təyin edilməsi haqqında fərman imzalayıb. 

    "Report"un məlumatına görə, sənəd xarici ölkələrdə ölkəmizin və yerli ixracatçıların iqtisadi-ticarət maraqlarının daha dolğun qorunması və təmsil edilməsi, yerli məhsulların xarici ölkələrin bazarlarına çıxışının genişləndirilməsi, ixracın stimullaşdırılması ilə bağlı tədbirlərin tətbiqində səmərəliliyin və təsərrüfat subyektləri arasında işgüzar əlaqələrin qurulmasında çevikliyin artırılması məqsədilə imzalanıb. 

    Sərəncama əsasən, Azərbaycanın xarici ölkələrdə fəaliyyət göstərən səfirlik və konsulluqlarında ticarət nümayəndələrini iqtisadiyyat naziri Prezidentlə razılaşdırmaqla təyin edəcək.

    Ticarət nümayəndəsi təyin olunduğu ölkə ilə Azərbaycanın iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi və iqtisadi maraqlarının qorunması, Azərbaycan mallarının və xidmətlərinin ixracının artırılması, ölkəmizin biznes mühitinin və investisiya imkanlarının təbliği istiqamətində tədbirlər görəcək. Ticarət nümayəndəsi ona həvalə olunmuş vəzifələrin yerinə yetirilməsi üçün şəxsən məsuliyyət daşıyır və Azərbaycan Respublikasının iqtisadiyyat nazirinə tabedir. Konsulluğa təyin olunan ticarət nümayəndəsi Azərbaycan Respublikasının həmin ölkədəki səfirliyinə təyin olunmuş ticarət nümayəndəsinin ümumi rəhbərliyi altında fəaliyyət göstərəcək.

    Nazirlər Kabinetinə ticarət nümayəndələrinə ikinci dərəcəli fövqəladə və səlahiyyətli elçi diplomatik rütbəsi verilməsi və diplomatik pasportla təmin olunması məqsədilə “Diplomatik xidmət haqqında” və “Pasportlar haqqında” qanunlara müvafiq dəyişikliklər edilməsi ilə bağlı qanun layihələrini bir ay müddətində hazırlayıb Prezidentə təqdim etmək, ticarət nümayəndələrinin fəaliyyətinin dövlət büdcəsindən maliyyələşdirilməsi üçün tələb olunan vəsaitin İqtisadiyyat Nazirliyinə ayrılmasını təmin etmək, Prezident aktlarının bu fərmana uyğunlaşdırılmasına dair təkliflərini üç ay müddətində hazırlayıb Prezidentə təqdim etmək, Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Prezidentə məlumat vermək, mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlamaq və bunun icrası barədə beş ay müddətində Prezidentə məlumat vermək tapşırılıb.

    Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu fərmana uyğunlaşdırılmasını təmin edib Nazirlər Kabinetinə məlumat verməli, İqtisadiyyat və Xarici İşlər nazirlikləri isə bu fərmandan irəli gələn digər məsələləri həll etməlidir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi