Respublika günü Kanadada təntənəli ziyafətlə qeyd olunub - FOTO

Respublika günü Kanadada təntənəli ziyafətlə qeyd olunub - FOTO Tədbirdə Kanadanın sabiq Baş naziri Jan Kretyen də iştirak edib
Xarici siyasət
27 May , 2015 01:30
Respublika günü Kanadada  təntənəli ziyafətlə qeyd olunub - FOTO

Bakı. 27 May. REPORT.AZ/ Azərbaycanın Kanadadakı səfirliyi tərəfindən Ottava şəhərində “28 May – Respublika günü” münasibətilə təntənəli ziyafət təşkil edilib.

"Report"un məlumatına görə, tədbirdə Kanadanın sabiq Baş naziri Jan Kretyen (Jean Chretien), Kanada Parlamenti İcmalar Palatasının üzvləri, senatorlar, Kanada Xarici İşlər, Ticarət və İnkişaf Departamentinin yüksək vəzifəli şəxsləri, digər dövlət qurumlarının təmsilçiləri, Ottavada akkreditə olunmuş diplomatik korpus nümayəndələri, eləcə də Ottava və Monreal şəhərlərində yaşayan Azərbaycan icması nümayəndələri iştirak ediblər.

Ziyafəti açaraq çıxış edən Azərbaycanın Kanadadakı müvəqqəti işlər vəkili Ramil Hüseynli Respublika gününün tarixi barədə iştirakçıları məlumatlandıraraq, 1918-ci ildə yaranan Azərbaycan Xalq Cümhuriyyətinin Azərbaycanın dövlətçilik ənənələrini bərpa etdiyini vurğulayıb.

R.Hüseynli, həmçinin Azərbaycan-Kanada ikitərəfli münasibətlərinə toxunaraq, ölkəmizin bu münasibətləri inkişaf etdirməkdə maraqlı olduğunu və bu məqsədlə yüksək səviyyəli qarşılıqlı səfərlərin həyata keçirilməsinin vacibliyini diqqətə çatdırıb.

Daha sonra Kanada Parlamenti İcmalar Palatası spikerinin müavini və Kanada-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun sədri Bari Devolin (Barry Devolin) çıxış edib. O, çıxışında Azərbaycana səfərlərinə toxunaraq, son belə səfəri bu ilin may ayında Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak üçün etdiyini bildirib. O, həmin Forumda dünyanın müxtəlif ölkələri və dini təriqətlərinin nümayəndələrinin yer aldığını söyləyərək, Azərbaycanın mədəniyyətlər və sivizilizasiyaların qovşağında yerləşən ölkə olaraq, bu kimi tədbirin keçirilməsi üçün tam uyğun məkan olduğunu vurğulayıb. O, Azərbaycanı Kanada üçün önəmli tərəfdaş adlandırıb və Azərbaycan xalqını və dövlətini Respublika günü münasibətilə təbrik edib.

Tədbir zamanı, həmçinin “İrs” jurnalları və bu ilin iyununda Bakıda keçiriləcək Avropa oyunlarını təbliğ edən məlumat kitabçaları qonaqlara paylanılıb.

Son xəbərlər

Orphus sistemi